Səhiyyə Nazirliyində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanla Belarus arasında səhiyyə sahəsində əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb: “Belə ki, ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlıq mövcuddur, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur”.
T.Musayev gələcəkdə elmi-tibbi, postkovid dövründə ölkələrimizin vətəndaşlarının sağlamlığın bərpası və reabilitasiyası məqsədilə sanatoriya-kurort xidmətlərinin təkmilləşdirilməsi və digər sahələrdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində səfir Andrey Ravkov son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradılmasını bildirib.