Səhiyyə Nazirliyində Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Belarusun əczaçılıq sənayesinin aparıcı müəssisələrinin nümayəndələri də iştirak ediblər.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev son illərdə Azərbaycan və Belarus arasında bir çox sahələrdə əlaqələrin genişləndiyini vurğuladı. Nazir bildirdi ki, dövlət başçılarının müntəzəm görüşləri, eyni zamanda hökumət üzvlərinin qarşılıqlı səfərləri iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə sahəsində münasibətlərin inkişafında mühüm rol oynayır.
Nazir çıxışında həmçinin səhiyyə sahəsində ölkələrimiz arasında səmərəli əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə etdi: “Belə ki, tibbin onkologiya, transplantologiya, kardiologiya, neyrocərrahiyyə və s. sahələrində çalışan mütəxəssis və həkimlərə təcrübə mübadiləsi və ixtisasartırma üzrə tədbirlərdə iştirak etmək üçün qarşılıqlı səfərlər təşkil olunur. Sevindirici haldır ki, bu illər ərzində iki ölkənin tibb mütəxəssisləri arasında nəinki möhkəm işgüzar əlaqələr, həmçinin dostluq münasibətləri təşəkkül tapıb”.
Ölkələrimiz arasında əczaçılıq sahəsində uğurlu əməkdaşlığın olduğunu vurğulayan nazir əczaçılıq sənayesinin bütün dünyada innovativ inkişaf baxımından mühüm yer tutduğunu bildirdi: “Bundan əlavə, əczaçılıq sənayesi gələcəyin iqtisadiyyatının əsas sahələrindən biridir, çünki yüksək keyfiyyətli tibb və millətin sağlamlığı hər bir ölkənin uğurlu sosial-iqtisadi inkişafının mühüm tərkib hissəsidir”.
Sonda Teymur Musayev əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Öz növbəsində Andrey Ravkov Belarusun Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verdiyini bildirib: “Yaxın tarixdə Belarusla Azərbaycan arasında əməkdaşlıq müsbət dinamika ilə inkişaf edir. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib”.
Belarusda əczaçılıq sənayesinin sistemli və dinamik şəkildə inkişaf etdiyini vurğulayan səfir ölkəsinin birgə müəssisə yaradılmasında maraqlı olduğunu qeyd etdi: “Bakıda keçirilən “Medinex” Beynəlxalq Tibb İnnovasiyaları Sərgisində ölkəmiz əczaçılıq sahəsində aparıcı müəssisələrinin daxil olduğu böyük milli ekspozisiya ilə təmsil olunur. Biz Azərbaycanda əczaçılıq sənayesinin inkişafında iştirak etmək istəyirik və buna hazırıq”.
Öz növbəsində Belarusun aparıcı əczaçılıq müəssisələrinin nümayəndələri Azərbaycana təkcə hazır dərman preparatlarının ixracında deyil, həm də bu sahənin inkişafında mütəxəssislərin hazırlanmasında kömək göstərməyə hazır olduqlarını ifadə etdilər.
Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən görüşdə tərəflər farmasevtika sahəsində əməkdaşlığın gücləndirilməsinin yeni perspektivlərini müzakirə etdilər.