Səhiyyə Nazirliyində Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Oheneba Lesli Akua Akyaa Opoku-Vare ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Oheneba Lesli Akua Akyaa Opoku-Vareni Qananın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev dəfələrlə vaksin millətçiliyini tənqid edib. Azərbaycan Prezidentinin müraciətindən sonra bu istiqamətdə yaxşı nailiyyətlər əldə olunub. Bundan əlavə, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində kontakt qrupu ölkələrinin iştirakı ilə gələn ay COVID-19-dan sonrakı dünyaya həsr olunmuş növbəti Sammitə ev sahibliyi edəcək”.
Bir çox sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdiyini qeyd edən nazir milli səhiyyə müəssisələri arasında təcrübə mübadiləsi üçün böyük potensialın olduğunu vurğulayıb. Oheneba Lesli Akua Akyaa Opoku-Varenin səhiyyə sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edən Teymur Musayev ölkələrimiz arasında inkişaf edəcəyinə əminliyini ifadə edib.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Oheneba Lesli Akua Akyaa Opoku-Vare Qananın Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirdiyini qeyd edib. Qana Prezidentinin 2019-cu ildə Azərbaycana səfərini məmnunluqla xatırladan səfir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığını qeyd edib.
Görüşdə tərəflər səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın mövcud vəziyyətini və potensial inkişaf imkanlarını müzakirə ediblər.