Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına iki günlük işgüzar səfəri başlayıb.
Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Ulu Öndərin Ankaradakı Heydər Əliyev Parkında ucalan abidəsi önünə əklil qoyulub.
Azərbaycan nümayəndə heyəti həmçinin Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını-Anıtqəbri ziyarət edib.
Səhiyyə naziri Teymur Musayevin qardaş ölkəyə səfəri çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş, “Türkiyə Respublikası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında Əməkdaşlığa dair 2022-2023-cü illər üçün Yol Xəritəsi”nin imzalanması, Ankara və Hacettepe Universitetlərin rektorları ilə görüş, tibb ocaqlarının fəaliyyəti ilə tanışlıq və digər tədbirlər nəzərdə tutulur.