Azərbaycan Səhiyyə Nazirliyində BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəsi xanım Saca Faruq Abdullahla görüş keçirilib.
Görüşdə UNICEF-in Azərbaycanda uşaqlara göstərilən immunizasiya xidmətinin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi, o cümlədən səhiyyə sektorunda fəaliyyət göstərən digər tərəfdaşlarla əməkdaşlığın artırılması müzakirə olunub. Həmçinin, immunizasiya proqramlarına dəstək ola biləcək spesifik sahələrin araşdırılması və birgə fəaliyyət planının hazırlanması nəzərdən keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Azərbaycan ilə UNİCEF arasında əlaqələrin çoxşaxəli olduğunu vurğulayıb: “Ötən müddət ərzində qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb. Səhiyyə, təhsil, ana və uşaqların sağlamlığının qorunması kimi müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirilib”.
Teymur Musayev Səhiyyə Nazirliyi tərəfindən Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasında xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Nazir, vaksin preparatlarının da Azərbaycana UNICEF xətti ilə gətirildiyini vurğulayıb.
Teymur Musayev Azərbaycanın UNİCEF ilə əməkdaşlığının bundan sonra da səmərəli olacağına əminliyini ifadə edib.
Öz növbəsində Saca Faruq Abdullah xatırladıb ki, UNİCEF Azərbaycanda fəaliyyətə 1993-cü ildə başlayıb: “UNICEF uşaqlar uçun daha yaxşı gələcəyin qurulması və onların tam potensiallarının inkişaf etməsi üçün imkanların yaradılmasında Azərbaycan Hökuməti ilə yaxından işləmək öhdəliyinə sadiqdir”.
Azərbaycan ilə UNİCEF arasında tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirən Saca Faruq Abdullah 2021-2025-ci illər üzrə Əməkdaşlıq Proqramı çərçivəsində birgə fəaliyyət qarşılıqlı əlaqələrin davam etdirilməsində mühüm rol oynadığını qeyd edib.
UNİCEF-in ölkəmizdəki nümayəndəsi Azərbaycan Hökümətinin 2023-cü ilin sonlarında başlayan və hazırda davam edən qızılca xəstəliyinin ölkədə yayılması ilə əlaqədar göstərdiyi çevik və fəal reaksiyasını, həmçinin Səhiyyə Nazirliyinin bu istiqamətdə apardığı maarifləndirici fəaliyyətini təqdir edib.
Sonda tərəflər prioritet istiqamətlər üzrə əməkdaşlıq məsələlərini müzakirə ediblər.