Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib.
Görüşdə Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatı ilə Azərbaycan Respublikası arasında səmərəli əməkdaşlığın olduğunu vurğuladı. Dövlətimizin başçısı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə Azərbaycana göstərdiyi davamlı dəstəyə görə təşəkkürünü bildirdi, ÜST-nin COVID-19-a qarşı mübarizəyə dair təqdim etdiyi tövsiyələrin ölkəmiz üçün dəyərli olduğunu qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda COVID-19 ilə bağlı vəziyyət çox müsbətdir, həyata keçirilmiş tədbirlər nəticəsində pandemiyanın çətin dövründə vəziyyət nəzarətdə saxlanılıb. Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Azərbaycanda vaksinasiya prosesi anlayışla qarşılanıb. Dövlətimizin başçısı bunun vətəndaşlarımız tərəfindən dövlətin həyata keçirdiyi siyasətə etimadın bir nümunəsi olduğunu dedi.
Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən Prezident İlham Əliyev bildirdi ki, çox az sayda məhdudiyyətlər qalıb, bunu da Azərbaycan ictimaiyyəti anlayışla qarşılayır.
Azərbaycanın COVID ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətini daim dəstəklədiyini bildirən dövlətimizin başçısı vurğuladı ki, həm Qoşulmama Hərəkatında, həm də BMT Baş Assambleyasında çıxışları zamanı Ümumdünya Səhiyyə Təşkilatının COVID-19-a qarşı mübarizədə rolunu xüsusilə qeyd edib.
Prezident İlham Əliyev dedi ki, Azərbaycanda pandemiya nəticəsində yaranan sosial-iqtisadi məsələlərin aradan qaldırılması istiqamətində də dövlətimiz tərəfindən zəruri tədbirlər görülüb və hazırda bu sahədə də vəziyyət sabitdir.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tedros Adhanom Qebreyesusa çatdırmağı xahiş etdi.
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru kimi Azərbaycana ilk dəfə gəldiyini vurğulayan Hans Henri Kluge səfərinin Azərbaycanla BMT arasında tərəfdaşlığın 30 illiyinin qeyd olunduğu bir dövrə təsadüf etməsi baxımından önəmini vurğuladı. Hans Henri Kluge dedi: “Mən Sizin beynəlxalq diplomatiyada qlobal liderliyinizi yüksək qiymətləndirir və bu münasibətlə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizin davamlı inkişaf istiqamətində çox mühüm fəaliyyətiniz olduqca önəmlidir. Çünki məhz Sizin şəxsi liderliyiniz sayəsində COVID-19 pandemiyasına qarşı beynəlxalq həmrəylik təbliğ edilib və bu məsələ BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təşkilatının - Qoşulmama Hərəkatının gündəliyinin əsas məsələsi olub”.
Qonaq Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin bir il uzadılmasını dövlətimizin başçısına olan etimadın göstəricisi kimi dəyərləndirdi və bu münasibətlə də təbriklərini çatdırdı.
Hans Henri Kluge Azərbaycanla əməkdaşlığın çox uğurlu olduğunu vurğuladı və rəhbərlik etdiyi təşkilatın bu əməkdaşlığın bundan sonra da davam etdirilməsi istiqamətində səylər göstərəcəyini bildirdi. O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun 2020-ci ilin mayında koronavirusla mübarizəyə həsr olunmuş onlayn Zirvə görüşünə toxunaraq, məhz Azərbaycan Prezidentinin rəhbərliyi sayəsində həmin Sammit zamanı ÜST-nin rolunun yüksək qiymətləndirildiyini dedi, eyni zamanda, humanitar və tibbi ehtiyaclar üzrə informasiya bazasının yaradılmasına və ÜST vasitəsilə Qoşulmama Hərəkatının COVID-dən ən çox əziyyət çəkmiş 10 ölkəsinə Azərbaycanın 10 milyon dollar məbləğində vəsait yönəltdiyinə görə minnətdarlığını bildirdi.
Qonaq dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasını, Prezident İlham Əliyevin BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində, həmçinin BMT Baş Assambleyasında vaksinlərin ədalətli, bərabər bölgüsünə dair qətnamənin təşəbbüskarı olduğunu, Azərbaycanın Türk Şurası çərçivəsində Zirvə toplantısının gündəliyinə də COVID-ə qarşı mübarizə məsələsini daxil etdiyini vurğuladı.
Hans Henri Kluge Azərbaycanın COVID-19-a qarşı milli səviyyədə həyata keçirdiyi tədbirlərin də çox təqdirəlayiq olduğunu bildirdi, Azərbaycanda COVID-lə bağlı vəziyyətin daim nəzarətdə saxlanıldığını, dövlətimiz tərəfindən zəruri və ardıcıl tədbirlər görüldüyünü qeyd etdi. O, həmçinin Azərbaycanın həyata keçirdiyi vaksinasiya siyasətinin də çox uğurlu olduğunu bildirdi.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu dedi. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirdi ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.
Hans Henri Kluge qeyd etdi ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır. Vurğuladı ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.