Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin proqram meneceri Datta Siddhartha Sankar və eyni bölmənin Analiz və monitorinq üzrə mütəxəssisi Roberta Pastorenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə səhiyyə nazirinin müavini Nadir Zeynalov, Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova arasında görüş keçirilib.
Toplantıda ölkə üzrə COVID-19 əleyhinə vaksinasiya əhatəsini artırmaq istiqamətində mövcud statistik və tədqiqat nəticələrinin səmərəli strategiyaların hazırlanması üçün istifadəsi müzakirə edilib. Eyni zamanda ümumi immunlaşdırma proqramlarının gücləndirilməsi vurğulanıb.
Qarşılıqlı anlaşma şəraitində keçirilən görüşdə COVID-19 vaksinasiyası üzrə effektiv strategiyalar, fəaliyyətlər və ÜST-nin dəstək verə biləcəyi sahələrlə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesini yüksək qiymətləndirən nümayəndə heyəti, 2030-cu ilə qədər həyata keçirilməsi nəzərdə tutulan Avropa üzrə İmmunlaşdırma Gündəliyinə istinadən ümumi peyvəndləmə ilə bağlı fəaliyyət planının hazırlanmasına dəstək verməyə hazır olduqlarını bildiriblər.