“Səhiyyə sistemi” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi” işçi qrupunun dekabrın 29-da, saat 15:00-da video-konfrans formatında növbəti iclası keçiriləcək.
Görüşdə işçi qrupunun əvvəlki iclasının protokolunda qərara alınan tədbirlərin icra vəziyyəti barədə geniş məlumatın təqdim olunması nəzərdə tutulub. Bundan əlavə, 2023-cü il üzrə Fəaliyyət Planı çərçivəsində görülən işlərin effektivliyinin monitorinqinə dair təkliflərin dinlənilməsi gözlənilir. Sağlam ömür müddətinin artırılması istiqamətində 2024-cü il üzrə görüləcək tədbirlərlə bağlı yeni Fəaliyyət Planı layihəsinin müzakirəsi işçi qrupun keçiriləcək iclasının gündəliyində duran əsas məsələlərdəndir.
Toplantıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının “Səhiyyə sistemi” işçi qrupuna aid müvafiq qurumların (Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Elm və Təhsil Nazirliyi, TƏBİB, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və digərləri) nümayəndələrinin iştirakı nəzərdə tutulur.