COP29 çərçivəsində Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyinin təsiri üzrə 3-cü Qlobal Konfrans keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyinin təsiri üzrə 3-cü Qlobal Konfrans baş tutub.
Əvvəlcə Azərbaycanın səhiyyə naziri Teymur Musayevin konfrans iştirakçılarına videomüraciəti nümayiş etdirilib.
Nazir videomüraciətində iqlim dəyişikliyinin yaşayış coğrafiyasından asılı olmayaraq, bəşəriyyət üçün real təhlükəyə çevrildiyini qeyd edib: “İqlim dəyişikliyi təkcə böyük iqtisadi itkilərə deyil, həm də insan tələfatına və insanların miqrasiyasına gətirib çıxarır. İqlim dəyişikliyinin sağlamlığa birbaşa və dolayı təsirləri elmi araşdırmaların ən aktual mövzusudur və ilkin nəticələr həyəcan vericidir”.
Azərbaycanın səhiyyə naziri vurğulayıb ki, COP29-da əsas müzakirə mövzusu iqlim dəyişikliyinin nəticələrinə qarşı mübarizənin maliyyələşdirilməsinə həsr olunub: “Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyi üzrə 3-cü Qlobal Konfransın tarixi təsadüfən seçilməyib. COP29 tematik günlər ətrafında təşkil edildiyi üçün 18 noyabr uşaq və gənclər, sağlamlıq və təhsilə həsr olunan İnsan İnkişafı Günü kimi müəyyənləşib”.
Nazirin sözlərinə görə, iqlim dəyişikliyi gündəmində sağlamlığın əhəmiyyətini nəzərə alaraq, Azərbaycan sağlamlıq üçün milli və qlobal iqlim fəaliyyəti üçün əsas qlobal əməkdaşlıq platforması olan İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansına (ATACH) qoşulub və bu sahədə 2 il ərzində Alyansın həmtəşkilatçısı qismində fəaliyyət göstərəcək: “Fürsətdən istifadə edərək bütün COP29 iştirakçı ölkələrini birgə səylərimizi daha da artırmağa, eyni zamanda iqlim dəyişikliklərinə davamlı və aşağıkarbonlu səhiyyə sistemlərinin qurulmasına yönəlmiş Alyansa qoşulmağa dəvət etmək istərdim”.
Videomüraciətində Teymur Musayev insan sağlamlığının mühüm aspektlərindən birinin də ağız boşluğunun sağlamlığının olduğunu qeyd edib: “İqlim dəyişikliyi qidalanma vərdişlərinin dəyişməsi, azqidalanma, təmiz suya çıxış çətinliyi və digər amillər səbəbindən ağız boşluğunun sağlamlığına ciddi təhlükə yaradır. Bu, səhiyyə resurslarını iqlim dəyişikliyi ilə bağlı sağlamlığa təsirlərə yönəlməsinə vacib edir”.
“Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Qlobal məsələləri müzakirə edilərkən, həmrəylik amilinə xüsusi önəm verilməlidir. Gəlin planetimiz və xalqlarımızın gələcəyini xilas etmək üçün səylərimizi birləşdirək”, - deyə Azərbaycan Respublikasının səhiyyə naziri fikrini tamamlayıb.
Tədbirdə çıxış edənlər COP29-un stomatologiya üzrə beynəlxalq mütəxəssislərin bir araya gəlməsi və mürəkkəb çağırışlara hazırlaşması üçün gözəl fürsət olduğunu qeyd ediblər. Bildirilib ki, Konfrans iqlim dəyişikliyinin ağız boşluğunun sağlamlığına və stomatoloji xidmətə təsiri haqqında əsaslı müzakirələr aparmaq üçün müxtəlif ölkələrinin mütəxəssislərini bir araya gətirib.
Ağız Boşluğunun Sağlamlığı və İqlim Dəyişikliyinin təsiri üzrə 3-cü Qlobal Konfrans tematik müzakirələrlə davam edib, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.