COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirlərinin görüşü baş tutub.
Öz çıxışında Azərbaycanın səhiyyə naziri Teymur Musayev Azərbaycan və gürcü xalqları arasında mövcud olan tarixi və mədəni əlaqələrin iki ölkə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvi dostluq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib: “Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdə sıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfə verir”.
Həmçinin, Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində də ikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğu vurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.
COP29-da müzakirə olunan məsələlərin əhəmiyyətini və aktuallığını vurğulayan Teymur Musayev qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunu qeyd edib.
Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Gürcüstanın İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Mixeil Sarcveladze dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin mövcudluğunu qeyd edib.
Mixeil Sarcveladze BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıraraq, COP29 gündəliyinin formalaşmasında Azərbaycanın xüsusi rolunu vurğulayıb.
Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında da maraq qeyd olunub.
Görüşdə səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.