Günəş qədər parlaq, dünyamıza gərəkli olan daun sindromlu uşaqlar...
Martın 21-i Ümumdünya Daun Sindromlu İnsanlar Günüdür. Gülərüzlü, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirməsinə görə daun sindromlu uşaqları Günəşin övladları adlandırırlar.
Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində Səhiyyə Nazirliyi Uşaq Psixonevroloji Mərkəzinin direktoru Kəmalə Talıbova müsahibə verib.
Kəmalə Talıbova söhbətin əvvəlində deyib: “Bu uşaqlar Günəş qədər işıqlı və dünyamıza günəş qədər gərəklidirlər. Onlar insan təbiətinə xas olan bütün mənfi keyfiyyətlərdən və çatışmazlıqlardan azad, yalnız müsbət xüsusiyyətləri özlərində birləşdirirlər.
Təəssüf ki, bəzi insanlar misilsiz dərəcədə dəyərli olan bu şəxsləri düzgün qiymətləndirə bilmirlər. Müəyyən səbəblərdən bəzi valideynlər daun sindromlu övladlarına yük kimi baxır, onların sosiallaşmasına yetərincə diqqət ayırmırlar. Əksinə, düzgün istiqamətləndirilmiş daun sindromlu şəxs bir çox sahələrdə daha da bacarıqlı ola bilər. Məsələn, bu sindromla doğulan uşaqların əksəriyyəti incəsənətə meyilli olurlar, hətta dahilik potensialına malikdirlər”.
- Daun sindromlu uşaqların təhsil almaları üçün xüsusi məktəblərə ehtiyac varmı, yoxsa inklüziv təhsil kifayət edir?
- Fikrimcə bu uşaqlara ayrıca məktəb yox, xüsusi yanaşma olmalıdır və onlar təcrid olunmayaraq adi məktəblərdə inkluziv təhsil almalıdırlar. Həm valideynlər, həm də cəmiyyət bu işdə bizə dəstək olmalıdırlar.
Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsas vəzifə əmək prosesində uşaqların zehni funksiyalarının inkişafı və çatışmazlıqlarının mümkün qədər tez düzəldilməsinə çalışmaqdır. Daun sindromlu uşaqların tərbiyəsi, onların düzgün davranişının formalaşdırılması əsas diqqət vərdişlərinin qurulmasına yönəlməlidir. Bütün uşaqlar kimi onlar da oynamağı, rəqs etməyi, oxumağı, yeni nəsə öyrənməyi sevirlər. Onlar istək ifadə etməyi bacarmalı, özünü qoruya bilməli və ya təhlükədən qaçmagı bacarmalıdır. Birinci növbədə bu uşaqları cəmiyyətdən ayırmamalı və onların cəmiyyət içərisində böyüməsinə, yaşamasına, inkişaf etməsinə kömək etmək lazımdır.
Daun sindromlu insanların təhsil ala bilməməsi, işləyə bilməməsi və uğur qazana bilməyəcəyi fikirləri yanlışdır. Onlar arasında dünyaca məşhur insanlar var - aktyor Paskal Düken, rəssam Raymond Hu və s.
Daun sindromlu bir insanın yaşam müddəti yaşayış keyfiyyətindən və şərtlərindən asılıdır, hətta 80 yaşadək yaşayanlar olub.
- Sonda daun sindromlu uşaqların valideynlərinə nə tövsiyə edərdiniz?
- Çox zaman valideynlər onların övladının daun sindromlu olması ilə barışmaqda çətinlik çəkirlər. Bizim göstərdiyimiz diqqət və sevgi ilə bərabər, valideynlər də öz qayğılarını və sevgilərini bu uşaqlardan əsirgəməməlidilər. Daun sindromlu uşaqlara qulluq etmək böyük diqqət və dözüm tələb edir, onlarla səbrlə davranmalıdılar. Təbii ki, ailə sevgisi bütün sevgilərdən üstündür. Hətta bizim uşaqlardan birinin ailəsi ondan imtina etmişdi və 5 ildən sonra ailə uşağı geri götürdü. Daun sindromlu uşaqlara xüsusi və düzgün yanaşma zamanı onlara gündəlik həyatda tələb olunan minimal məişət və kommunikasiya vərdişlərini öyrətmək mümkündür