Nazirlər “Sağlam Radio”nun bir yaşını canlı efirdə təbrik etdilər

Bu gün 93 FM dalğasında yayımlanan “Sağlam Radio”nun bir yaşı tamam olur.
Səhiyyə naziri Teymur Musayev və Gənclər və İdman naziri Fərid Qayıbov "Sağlam Radio"nun bir yaşı münasibətilə “Sağlam səhər” verilişinin xüsusi qonaqları olublar.
Nazirlər radionun səhər və axşam efirlərində sağlam həyat tərzi, düzgün qidalanma, idman və psixoloji sağlamlıq, müxtəlif xəstəliklər haqqında maarifləndirici mövzuların geniş müzakirəsi, ictimaiyyətə dəyərli məlumatlar çatdırıldığını vurğulayaraq, bir il ərzindəki fəaliyyəti yüksək qiymətləndiriblər.
Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, "Sağlam Radio” sübut etdi ki, sağlamlıq haqqında danışmaq sadə, asan, həm də faydalıdır: “Bu platformada mütəxəssislər ən mürəkkəb mövzuları hər kəs üçün anlaşılan tərzdə izah edirlər".
Gənclər və İdman naziri Fərid Qayıbov radionun idman və aktiv həyat tərzinin təşviqindəki rolunu xüsusi vurğulayıb: "”Sağlam Radio” yalnız informasiya vermir, həm də insanları aktiv həyata, sağlam yaşamağa sövq edir. Burada müzakirə olunan mövzular və idman barədə aparılan səmimi söhbətlər gənclər tərəfindən də maraqla dinlənilir”.
Qeyd edək ki, "Sağlam Radio”da saat 08 -10:00-da yayımlanan “Sağlam səhər” və axşam 18:00-20:00-dək efirdə olan “Sağlam həyat” verilişlərinin bundan sonrakı fəaliyyətində də əsas istiqamət sağlam həyat tərzinin təbliği olacaq.