Səhiyyə nazirinin müavini İlqar Qasımov AMEA-nın ilk prezidenti akademik Mirəsədulla Mirqasımovun 140 illik yubileyinə həsr olunan tədbirdə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti, tanınmış ictimai xadim, akademik Mirəsədulla Mirqasımovun anadan olmasının 140 illiyi münasibətilə dekabrın 18-də tədbir keçirilib.
Tədbirdən öncə ictimaiyyət nümayəndələri görkəmli alimin Fəxri Xiyabandakı məzarını ziyarət edib, abidəsi üzərinə tər gül dəstələri qoyub, ruhuna dualar oxuyublar.


AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan tədbirdə akademik Mirəsədulla Mirqasımovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.


Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini İlqar Qasımov akademik Mirəsədulla Mirqasımovun Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafındakı tarixi xidmətlərindən danışıb. İ.Qasımov qeyd edib ki, ilk azərbaycanlı alim-cərrah həyatını urologiya, cərrahiyyə və onunla bağlı sahələrin inkişafına, Azərbaycan elminin təşkilatlanmasına həsr edib. Nazir müavini, həmçinin Azərbaycanın ilk tibb elmləri doktoru və milli səhiyyənin qurucularından biri olan akademik Mirəsədulla Mirqasımovun cərrahiyyə sahəsində apardığı elmi-praktiki işlərin əhəmiyyətini vurğulayıb.


Öz çıxışlarında AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisinin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəyli və digərləri görkəmli alimlə bağlı xatirələrini bölüşərək, Mirəsədulla Mirqasımovun yüksəkixtisaslı tibb üzrə kadrların hazırlanmasındakı fəaliyyətindən və onun elmi araşdırmalarının bu gün də öz aktuallığını qorumasından danışıblar.







Daha sonra məruzələr dinlənilib.