SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə nazirinin müşaviri Rüfət Hacıəlibəyov: Azərbaycanda səhiyyə sahəsinin rəqəmsallaşması tədricən genişləndirilərək, vətəndaşlara və bu sahənin işçilərinə tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmiş yeni texnologiyalar tətbiq ediləcək

Rəqəmsallaşma sahəsində gələcək planlar haqqında səhiyyə nazirinin müşavirinin müsahibəsi

- Rüfət müəllim, ilk öncə Azərbaycan Səhiyyə Nazirliyinin rəqəmsallaşma və texnologiyaların tətbiqi ilə bağlı gələcək planları haqqında bilmək istərdik...

- İlk növbədə onu vurğulamaq istərdim ki, səhiyyənin rəqəmsallaşdırılması dövlətin prioritet istiqamətlərindən biridir və Prezident İlham Əliyev tərəfindən vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə, eləcə də ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına təsir edən amil kimi qeyd olunub. Bu məqsədlə dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq “Səhiyyə Transformasiya Mərkəzi” işçi qrupu yaradılıb. Eyni zamanda, “Rəqəmsal səhiyyəyə baxış” və “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə üzrə Milli Strategiya” sənədləri hazırlanıb. Səhiyyənin rəqəmsallaşdırılması sayəsində həyata keçirilən bir sıra təşəbbüslərə baxmayaraq, bu sahədə xəstəliklərin diaqnostikası və keyfiyyətli tibbi xidmətlərin göstərilməsi informasiya-kommunikasiya texnologiyaların geniş tətbiqinə və spektrinin artırılmasına tələbatı daha da gücləndirir.
Səhiyyənin rəqəmsallaşdırılması strategiyası vahid platforma üzərindən qərarların qəbulu prosesində mərkəzələşdirilmiş informasiya məkanına məlumatların daxil edilməsi nəticəsində tibb işçiləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artırılmasını təmin edən fundamental texnoloji yanaşmadır. Bu platformanın əsasını vətəndaşın elektron profili təşkil edir. Elektron profildə səhiyyə işçiləri üçün real vaxt rejimində əlçatan olan insanların bütün həyat dövrünü əhatə edən məlumatlar cəmləşdirilir. Bu, vətəndaşların sağlamlığının cari vəziyyəti haqqında informasiyaların toplanması, sonrakı təhlili, o cümlədən retrospektiv göstəricilər üçün əsas vasitədir. Bu da xəstəliklərin tarixinin daha mükəmməl təhlili, onların dəqiq diaqnozu, eləcə də tətbiq olunan müalicə üsullarının təkmilləşdirilməsi üçün mühüm rol oynayacaq. Bu məlumatlar həm də ölkə üzrə vətəndaşların çoxşaxəli sağlamlıq təhlili, qərarların dəstəklənməsi və real vaxt rejimində sahənin strateji planlaşdırılması üçün əsas olacaq.

- Rəqəmsallaşma prosesi səhiyyə sektorunda nə kimi dəyişikliklərlə nəticələnəcək? Onun xəstələrə, tibb işçilərinə və bütün səhiyyə ekosisteminə təklif etdiyi əsas üstünlüklər hansılardır?

- İlk növbədə bilmək lazımdır ki, diqqətimiz vətəndaşların sağlamlığının qorunmasına yönəlib və bütün səhiyyə ekosistemi, o cümlədən onun iştirakçıları bu çağırışa cavab verməlidir. Səhiyyənin rəqəmsallaşdırılması sistemdə bürokratiyanı və subyektivizmi aradan qaldırmaqla, coğrafiyasından asılı olmayaraq vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığı və keyfiyyətinin artırılması, habelə formalaşmasına və qiymətləndirilməsinə cəlb edilməsi nəzərdə tutulan elektron xidmətlər vasitəsilə onların fərdiləşdirilməsini təmin edəcək. Rəqəmsallaşma səhiyyə subyektləri arasında tibbi məlumatların davamlı və etibarlı mübadiləsini təmin etməlidir ki, bu da əldə olunan informasiya əsasında səhiyyə və müalicə üsullarının idarə edilməsində yeni yanaşma formalaşdıracaq.
Dövlət səhiyyə sektorunda strateji planlaşdırma, həyata keçirmə və monitorinq, böhran vəziyyətlərinə (məsələn, pandemiyalara) hazırlıq üçün genişləndirilmiş imkanlar, habelə səhiyyənin şəffaflığının artırılması hesabına əlavə iqtisadi impuls verəcək. Tibbi sığorta sahəsi həm də vətəndaşların sağlamlığında obyektiv yanaşmalar tətbiq etməklə səmərəliliyini və maliyyə dayanıqlığını artıra biləcək. Bu da tibbi sığortanın yeni iqtisadi modellərinin işlənib hazırlanmasına və tətbiqinə imkan verəcək. Səhiyyənin rəqəmsallaşdırılmasının faydaları siyahısını sadalamaqda davam edə bilərik, lakin onların hamısını vahid məqsəd birləşdirir - vətəndaşların sağlamlığının qayğısına qalmaq!

- Rəqəmsal səhiyyənin hansı xarici modeli ölkəmiz üçün etalon qəbul etmək olar? Səhiyyə sahəsində beynəlxalq təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırırsınızmı?

- Biz bir sıra inkişaf etmiş ölkələrin rəqəmsal səhiyyə modellərinin öyrənilməsi və araşdırdırılması istiqamətində geniş monitorinqlər aparmışıq. Bir nəticə olaraq retransformasiya olmadan tətbiq ediləcək unikal model mövcud deyil. Bu, səhiyyənin spesifikliyi, qanunvericilik və idarəedici xüsusiyyətlər, tibb işçilərinin hazırlıq səviyyəsi, eləcə də rəqəmsallaşma və məlumatların qorunmasında milli tənzimləyicilərin tələbləri nəzərə alınmaqla vahid rəqəmsal mənzərəyə inteqrasiya edilməli olan rəqəmsallaşmanın mövcud vəziyyətidir. Buna görə də, beynəlxalq təcrübə, o cümlədən rəqəmsallaşma sahəsində yol verilmiş səhvlər nəzərə alınaraq, “2024-2028-ci illər üçün rəqəmsal səhiyyə Milli Strategiyası”nda rəqəmsal dəyişikliklərə mövcud hazırlıq dərəcəsi və sonrakı illərdə onun əhəmiyyətli artımı ilə əlaqəli rəqəmsal səhiyyə modelinin tətbiqi qərara alınıb. Səhiyyə sektorunun sistemli rəqəmsallaşması bu sahədə problemlərin həllinə və faydaların maksimuma çatdırılması üçün texnoloji həllərin tətbiqinə, eyni zamanda bütün maraq tərəflərin tədricən cəlb edilməsinə yönəlmiş strateji bir yanaşmadır.

- Rəqəmsal tibbi xidmətlərin ölkə miqyasında tətbiqini sürətləndirmək üçün trigger (tətikçi) olmağa nə kömək edəcək?

- İnsan amili hər zaman əsas trigger rolunu oynayır. İnnovativ yanaşmalar səhiyyə proseslərinin rəqəmsallaşdırılmasının faydalarının aşkarlanması və bütövlükdə sektorda sistemli tətbiqindən asılıdır. Beynəlxalq təcrübəyə görə, bu cür təşəbbüslər irimiqyaslı ölkə çağırışlarını nəzərə alaraq dövlət və hökumət başçılarının şəxsi iradəsini irəli gəlir. Növbəti vacib məsələ tibb işçilərinin rəqəmsal savadlılığıdır ki, bunun üçün strategiyada diplomdan əvvəl və sonrakı təhsil üzrə təkmilləşdirmə kursları üçün ssenarilər nəzərə alınıb. Vahid qarşılıqlı rəqəmsal tibbi fəaliyyət standartlarının istifadəsi, rəqəmsal səhiyyədə tətbiq olunan qaydaların hazırlanması, səhiyyə seqmentinin iştirakçıları və üçüncü tərəf dövlət qurumları ilə vəhdət təşkil edən sinerji səhiyyə sektorunun rəqəmsallaşdırılması prosesini əhəmiyyətli dərəcədə sürətləndirməlidir.
Rəqəmsallaşma prosesində səhiyyə xərclərini optimallaşdırmağa və sahədəki subyektlərdə şəffaflığa nail olmağa imkan verən iqtisadi effekt də mühüm amil hesab olunur. Dövlət-özəl tərəfdaşlıq modeli vasitəsilə özəl texnoloji sektorunun cəlb edilməsi, onların mütəxəssislərinin yüksək dərəcədə peşəkarlığı, müvafiq texnoloji təcrübənin mövcudluğu və çeviklik sayəsində qarşıya qoyulan vəzifələrin icrasını da sürətləndirə bilər.
Ümumiyyətlə, kompleksli formada dövlət dəstəyi, rəqəmsal səhiyyə layihəsinin həyata keçirilməsi üçün düşünülmüş planın mövcudluğu və bütün tərəflərin daxil olmasını təmin etmək rəqəmsal səhiyyə xidmətlərinin ölkə daxilində həyata keçirilməsi prosesinin sürətləndirməsinə güclü təkan ola bilər.

- Teletibb inkişaf etmiş ölkələrin səhiyyəsində fəal şəkildə tətbiq olunur. Bu texnologiyadan istifadə ilə bağlı planlarınız barədə bilmək istərdik. Bu texnologiyalar kənd yerlərində və ya kifayət qədər infrastruktura malik olmayan regionlarda səhiyyə xidmətlərinin göstərilməsi ilə bağlı problemlərin həllinə necə kömək edə bilər?

- Tibb məntəqələrinin böyük şəhər, habelə rayon mərkəzlərində yerləşməsi tibbi xidmətlər almaq üçün bəzi hallarda kifayət qədər infrastruktura malik olmayan ucqar regionlardan olan vətəndaşları uzun məsafə qət etməyə və əlavə maliyyə sərfiyyatına məcbur edir. Bu da klinikalarda sıxlığa, uzun növbələrə və yoluxucu xəstəliklərin nəzarətsiz yayılmasına səbəb olur. Həmçinin regionlarda əhalinin bir hissəsi yuxarıda göstərilən çətinliklərlə bağlı tibbi xidmətə müraciət etmir. Bu da sonradan xəstəlik və əlilliyin ağırlaşması ilə nəticələnir, eyni zamanda sığortaçıların və dövlətin büdcəsinə əlavə yük yaradır.
Xəstələrin həkimə müraciət etdiyi diaqnozlar və ya testlərin izahı ilə bağlı sualların əhəmiyyətli bir hissəsi teletibb xidmətlərindən istifadə etməklə vizual həll edilə bilər. Teletibbin tətbiqi vətəndaşların həkimə baş çəkmək üçün vaxtına və xərclərinə qənaət etməsinə, tibb müəssisələrinə müraciət yükünün azaltmasına, ucqar rayonlarda lazımi ixtisas üzrə həkimlərin əlçatanlığına, stasionar müalicəyə cəlb edilmədən xroniki xəstəliklərin, o cümlədən yaşlıların və əlillərin daimi nəzarətini təmin etməsinə imkan verəcək. Xəstəliklərin vaxtında diaqnostikası və onların müalicəsi tibbi patologiyaların və əlilliklərin inkişaf ehtimalının qarşısını alacaq. Bu da dövlət tərəfindən əhəmiyyətli maliyyə qənaətinə, habelə vətəndaşların həyat keyfiyyətinin yüksəlməsinə səbəb olacaq.
Təşəbbüs çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən teletibbın səhiyyə sektorunda tətbiqi üzrə növbəti addımların müəyyən edilməsi üçün nəticələri hərtərəfli təhlil ediləcək pilot layihə həyata keçirilib.

- Elektron reseptlərdən (dərman vasitələrinə reseptlərin elektron formada yazılması) getdikcə daha çox istifadə edilir. Elektron reseptin üstünlükləri nələrdir və dərman idarəçiliyini necə təkmilləşdirə bilər?

- E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunağlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək. Bu da, öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq.
Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu, həm də dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyinə bu ilin sonunadək elektron resept sisteminin tətbiqi tapşırılıb.

- Rəqəmsal vətəndaş profili ənənəvi kağız üzərində aparılan qeydləri əvəz edir. Bu texnologiyanın əsas üstünlükləri hansılardır və vətəndaşların sağlamlığını qorumaq qayğısını necə yaxşılaşdıracaq?

- Vətəndaşın rəqəmsal profili hamiləliyin qeydə alındığı andan ölüm anına qədər sağlamlıq məlumatlarının toplanmasının əsas komponentidir. Bu, vətəndaşın bütün həyat dövrü ərzində sağlamlığının elektron tarixçəsini saxlamağa, onun tibb müəssisələrinə müraciətlərinin tarixçəsini, o cümlədən müayinələrin nəticələri və şəkillərini, peyvəndləri, reseptləri, epikrizləri və bütün sağlamlıq xüsusiyyətlərini saxlamağa imkan verəcək. Bu isə, öz növbəsində, toplanmış məlumatları sistemləşdirməyə və təhlil etməyə imkan yadacaq. Əldə edilmiş məlumatlar əsasında həkimlər vətəndaşın cari sağlamlığı haqqında tam məlumat ala biləcəklər ki, bu da xəstəliklərə daha dəqiq diaqnoz və müalicəni təyin etməyə, tibbi xidmətlərin keyfiyyətini yaxşılaşdırmağa, habelə həm vətəndaşlar, həm də dövlət üçün gündəlik və maliyyə xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Həmçinin, bu məlumatlar əhalinin sağlamlıq vəziyyətini ölkə miqyasında düzgün proqnozlaşdırmağa və gələcək səhiyyə strategiyasının formalaşmasında düzəlişlər etməyə imkan yaradacaq.
Vətəndaşların gözləntiləri də nəzərə alınmalıdır. Vətəndaşlar texnoloji cəhətdən daha bilikli olduqca və digər sahələrdə rəqəmsal xidmətlərə öyrəndikcə, səhiyyə sektorunda da eyni rahatlığı və əlçatanlığı tələb edəcəklər. Pasientlərin gözləntilərinin qarşılanması tibb işçiləri üçün rəqəmsal səhiyyəni qəbul etmək üçün təkanverici qüvvə ola bilər.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.