Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov: “Digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi daha aşağıdır”
- Famil müəllim, İİV və QİÇS anlayışlarının fərqi nədədir?
- İİV infeksiyası – İnsanın İmmunçatışmazlığı Virusları tərəfindən törədilən və immun sistemin getdikcə artan zədələnməsi ilə xarakterizə olunan infeksion xəstəlikdir. İİV infeksiyasının gedişində 4 mərhələ müəyyən edilir. Bu mərhələlərdən asılı olaraq, İİV-ə yoluxan şəxslərdə müxtəlif kliniki simptomlar görünə oluna bilər. İlkin mərhələdə ümumi halsızlıq, tez yorulma, limfa düyünlərinin böyüməsi, periodik olaraq hərarətin yüksəlməsi müşahidə olunur. Daha sonrakı mərhələlərdə isə digər ağırlaşmalar- dəri və daxili orqanların göbələk mənşəli zədələnmələri, vərəmə xas əlamətlər, bədxassəli şişlər görünür.
QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromu adlanaraq, İİV-infeksiyasının sonuncu mərhələsidir. Bu mərhələdə İİV-ə yoluxmuş şəxslərdə artıq immun sistemin daha proqressiv zədələnməsi müşahidə edilir və xəstələrdə çoxsaylı ağırlaşmalar – vərəm, MSS-in zədələnməsi, mədə-bağırsaq sistemində patologiyalar, bədxassəli şişlər inkişaf edir.
- QİÇS mərhələsində olan xəstələrin müalicəsi necə aparılır?
- İİV-ə yoluxan şəxslərin müalicəsi Antiretrovirus terapiya adlanır. Müalicə Respublika QİÇS-lə Mübarizə mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının son tövsiyələrinə müvafiq olaraq müasir müalicə rejimləri əsasında aparılır. Xəstələrin ARV preparatlarla təminatı dövlət tərəfindən ödənişsiz, konfidensial qaydada həyata keçirilir. Xəstələrdə İİV infeksiyası diaqnozu təsdiqləndikdən sonra dispanser nəzarətə götürülərək antiretrovirus terapiyaya cəlb olunurlar. Xəstələrlə həkim infeksionistlər, psixoloqlar tərəfindən məsləhətləşmələr aparılır. Mərkəzin mütəxəssisləri tərəfindən hər bir xəstəyə individual yanaşma, yəni hər bir xəstənin yaşı, çəkisi, müayinə nəticələri, ağırlaşmaları, yanaşı xəstəlikləri və s. nəzərə alınaraq müalicə sxemləri təyin olunur. Dərmanların qəbul qaydası, müalicəyə sadiqlik, fasiləli müalicənin fəsadları, monitorinq müayinələrinin vacibliyi barədə xəstələr mütəxəssislər tərəfindən ətraflı məlumatlandırılırlar.
İİV-ə yoluxan şəxslərin müalicəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində ambulator və stasionar şəraitdə aparıla bilər. Xəstədə yanaşı xəstəliklər müşahidə olunduğu təqdirdə həmin ağırlaşmaların ixtisaslaşmış diaqnostikası və ARV terapiya qəbulu zamanı müşahidə olunan yan təsirlərin idarə olunması məqsədilə xəstələr stasionar şöbədə öz müalicələrini davam etdirirlər. Daha spesifik xarakterli ağırlaşmalar aşkar olunan zaman, məsələn, vərəm, onkoloji xəstəliklər zamanı İİV-ə yoluxan şəxslər həmin xəstəliklər üzrə ixtisaslaşmış digər tibb müəssisələrinə yönləndirilirlər.
- Regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəsi necə tənzimlənir?
- Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyatda olan və regionlarda yaşayan İİV-ə yoluxan şəxslərin müalicəyə əlçatanlağının təmin olunması məqsədilə antriretrovirus preparatların təminatı Regional İİV laboratoriyaları tərəfindən həyata keçirilir. Həmçinin, İİV-ə müayinələr regionlarda yaşayan əhali üçün əlçatanlığı təmin etmək məqsədilə Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə yanaşı, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, 12 regional laboratoriyalarda və könüllü müayinə məntəqələrində aparılır. İİV-ə müayinələr anonim qaydada, ödənişsiz, konfidensiallıq qorunmaq prinsipi ilə həyata keçirilir.
- İİV-ə yoluxmamaq üçün hansı tədbirləri görmək lazımdır?
- Burada ən vacib məqam insanların İİV/QİÇS mövzusunda, profilaktik tədbirlər barədə maariflənməsidir. Biz hər zaman qeyd edirik: “Profilaktika müalicədən daha yaxşıdır”. Riskli davranışlardan çəkinmək, qoruyuculardan istifadə, zərərli vərdişlərdən uzaqlaşmaq, gigiyenik qaydalara əməl olunması İİV-ə yoluxmanın qarşısının alınması üçün əsas tədbirlərdir. Eyni zamanda istərdim təmasdan öncə (TÖP) və təmasdan sonra profilaktika (Postkontakt profilaktika) barədə də məlumat verim. Artıq uzun müddətdir ki, ölkədə risk qrupları arasında təmasdan öncə profilaktika həyata keçirilir. TÖP İİV-ə yoluxmamış şəxslərin İİV-lə yaşayan insanlarla kontaktından öncə virusa yoluxmasının qarşısını almağa yönəldilmiş antiretrovirus preparatının sxem üzrə qəbulundan ibarətdir. Xüsusilə qeyd etmək istərdim ki, təmasdan öncə profilaktikanın əhatə dairəsi artıq ölkədə bütün risk qrupları arasında genişləndirilib.
Postkontakt profilaktika isə artıq uzun illərdi ki, ölkədə uğurlu şəkildə həyata keçirilir. İİV-li şəxslərlə, təsadüfi, qorunmamış təmasdan sonra, şpris ucluqları batan zaman, həmçinin, tibb işçiləri arasında İİV-ə yoluxmuş biomateriallarla tibbi zədələnmə baş verdikdə yoluxmanın qarşısının alınması üçün Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etmək tövsiyə olunur. Burada vacib məqam ondan ibarətdir ki, təmasdan sonra profilaktika 72 saat ərzində həyata keçirilməlidir. Bu məqsədlə, şəxslərin 72 saatdan gec olmayaraq müraciət etmələri tövsiyə olunur.
- Hazırda ölkəmizdə İİV-lə bağlı epidemioloji vəziyyət hansı səviyyədədir?
- İlk öncə onu qeyd etmək istərdim ki, digər region ölkələri ilə müqayisədə Azərbaycanda İİV infeksiyası ilə xəstələnmə göstəricisi olduqca aşağıdır. Belə ki, Respublika Səhiyyə Nazirliyinin daim nəzarəti sayəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən aparılan məqsədli fəaliyyət ölkədə İİV-infeksiyasının yayılmasını illər ərzində təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2024-cü ilin III rübünün sonunadək, yəni 37 il ərzində, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 10 min 108 İİV-lə yaşayan Azərbaycan vətəndaşı rəsmi qeydiyyatdadır. Onlardan 7026-sı (69,5%) kişi, 3082-si (30,5%) qadınlardır. Əlavə olaraq bildirilir ki, ölkəmizdə tətbiq olunan İİV-ə yoluxmuş şəxslərin aşkarlanması strategiyası UNAİDS tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir.
- İİV-ə yoluxan hamilə qadın sağlam uşaq dünyaya gətirə bilərmi?
- İİV-in ötürülmə yollarından biri də anadan uşağa ötürülmə yoludur. Lakin, ölkədə İİV infeksiyasının anadan uşağa ötürülməsinin profilaktikası (AUÖP) uğurlu şəkildə həyata keçirilir və son illər ərzində qeydiyyata götürülən və antiretrovirus terapiya qəbul edən hamilələrdə virusun uşağa ötürülmə halı qeydə alınmayıb.
Vurğulamaq istərdim ki, hər bir hamilə qadın mütləq şəkildə qadın məsləhətxanalarında qeydiyyata durmalı və İİV-ə müayinələrdən keçərək öz statusları barədə mütləq şəkildə məlumatlı olmalıdırlar. Hamilə qadın antiretrovirus terapiya qəbul etdiyi təqdirdə virus yükü qanda təyin edilməyəcək səviyyəyə qədər enir və dölün yoluxma ehtimalı azalır.
Qeydiyyatda olan hər bir qadın hamiləlik planlaşdırmadan öncə mütləq şəkildə davamlı antiretrovirus preparatları qəbul etməlidir.