Səhiyyə Nazirliyinin klinikasında 7,5 sm-lik böyrəküstü vəz törəməsi laparoskopik üsulla çıxarılıb
Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında nadir rast gəlinən, yüksək dəqiqlikli diaqnostika və mürəkkəb cərrahi yanaşma tələb edən böyrəküstü vəz törəməsinin minimal invaziv üsulla uğurlu müalicəsi həyata keçirilib.
43 yaşlı qadın pasiyent son bir il ərzində təkrarlanan və kəskin arterial təzyiq yüksəlmələri ilə müşayiət olunan şikayətlərlə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına müraciət edib. Müxtəlif epizodlarda onun arterial təzyiqinin 220–230 mm civə sütununa qədər yüksəldiyi müəyyən olunub.
Pasiyentin klinik vəziyyəti nəzərə alınaraq aparılan hərtərəfli instrumental və laborator müayinələr nəticəsində sol böyrəküstü vəz nahiyəsində 7,5 sm ölçüdə törəmə aşkarlanıb.
Törəmənin hormonal aktivliyini qiymətləndirmək məqsədilə xüsusi laborator müayinələr, o cümlədən metanefrinlərin təyini həyata keçirilib. Müayinələrin nəticələri, klinik göstəricilər və instrumental müayinələrin məlumatları kompleks şəkildə qiymətləndirildikdən sonra cərrahi müalicənin aparılmasına qərar verilib.
Pasiyentə Tədris Cərrahiyyə Klinikasında sol tərəfli laparoskopik adrenalektomiya əməliyyatı icra olunub. 80 dəqiqə davam edən əməliyyat uğurla başa çatıb. Əməliyyatın açıq cərrahi girişə keçid olmadan, tam laparoskopik üsulla tamamlanması xüsusi diqqət çəkir.
Klinik halın mürəkkəbliyini şərtləndirən əsas amillərdən biri törəmənin 7,5 sm ölçüdə olmasıdır. Böyük ölçülü adrenal törəmələrdə laparoskopik əməliyyat texniki baxımdan daha mürəkkəb olur və yüksək cərrahi təcrübə tələb edir.
Əməliyyat Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev tərəfindən həyata keçirilib. Əməliyyatdan sonrakı dövrdə pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda o, həkim nəzarətindədir və müvafiq konservativ müalicə tədbirləri davam etdirilir.
Bu klinik hadisə ATU-nun yüksək ixtisaslı mütəxəssis potensialını, müasir tibbi-diaqnostik imkanlarını və minimal invaziv cərrahiyyə sahəsində formalaşmış peşəkar təcrübəsini nümayiş etdirən əhəmiyyətli nümunələrdən biridir.