Ümummilli liderin həyata keçirtdiyi islahatlar müasir səhiyyənin inkişafının əsasını qoyub
Xilaskar dövlət xadimi, uzaqgörən siyasi lider, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd olunur.
Xalqın sevgisini qazanan, etimadını doğruldan böyük Azərbaycan oğlu Heydər Əliyevin xatirəsi daim dərin ehtiramla yad edilir. Bu gün güclü və suveren Azərbaycan Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf yolu ilə inamla irəliləyərək mühüm uğurlara imza atır.
Heydər Əliyev tarixin ən mürəkkəb və təhlükəli dövründə böyük məsuliyyəti öz üzərinə götürərək Azərbaycan dövlətini ağır siyasi və iqtisadi böhrandan çıxarmağa nail olub. Müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndər xalqının rifahı, dövlətin hərtərəfli inkişafı naminə ömrünü yorulmadan xidmətə həsr edib. Digər sahələrlə yanaşı, ölkənin səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər də onun uzaqgörən siyasətinin nəticəsidir.
Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə səhiyyə sistemində ardıcıl və məqsədyönlü islahatlar aparılıb, mühüm yeniliklər həyata keçirilib. Azərbaycanda səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Bu istiqamətdə ilk növbədə səhiyyənin hüquqi-normativ bazasının təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması diqqət mərkəzində saxlanılıb. Milli Məclis tərəfindən “Əczaçılıq fəaliyyəti haqqında”, “Özəl tibbi fəaliyyət haqqında”, “Tibbi sığorta haqqında” və digər mühüm qanunlar qəbul olunub. Prezidentin 13 mart 1998-ci il tarixli “Səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” Sərəncamı səhiyyənin bütün istiqamətlərində islahatların daha sürətli və sistemli şəkildə həyata keçirilməsinə geniş imkan yaradıb.
Keçid dövründə səhiyyədə mütərəqqi dəyişikliklərin aparılması və yeni səhiyyə modelinin formalaşdırılması məqsədilə 1994-cü ilin dekabrında Azərbaycan hökuməti ilə UNICEF arasında “Əməkdaşlıq Proqramı” imzalanıb. Həmin islahatların əsas nəticələrindən biri özəl səhiyyə və tibbi sığorta sisteminin formalaşdırılması olub. Bu istiqamətdə zəruri normativ-hüquqi baza yaradılıb, “Özəl tibbi fəaliyyət haqqında” və “Tibbi sığorta haqqında” qanunlar qəbul edilib.
Dövlət səviyyəsində həyata keçirilən islahatlar, həmçinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktik tədbirlər nəticəsində ölkədə xəstələnmə göstəriciləri əhəmiyyətli dərəcədə azalıb. Həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasında yer alaraq bu mövqeyini ildən-ilə daha da möhkəmləndirir.
Bu gün də Ulu Öndərin sosialyönümlü siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə səhiyyə sistemində aparılan əsaslı islahatlar nəticəsində səhiyyə idarəçiliyi və maliyyələşmə mexanizmləri müasir prinsiplər əsasında formalaşdırılıb. Qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və yerli-xarici tərəfdaşlarla əməkdaşlıq səhiyyənin inkişafında mühüm rol oynayır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həmin bölgələrdə müasir standartlara cavab verən xəstəxanaların və tibb mərkəzlərinin tikintisi istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsində həyata keçirilən humanitar və sosial layihələrdə xüsusi xidmətləri vardır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm layihələr uğurla reallaşdırılıb.