Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Kuba Respublikasının tibb və əczaçılıq müəssisələrinə səfər edib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndə heyəti ilk olaraq Kuba səhiyyə sisteminin aparıcı müəssisəsi olan “Hermanos Ameijeiras” xəstəxanasının fəaliyyəti ilə tanış olub. Görüş zamanı xəstəxananın 40 ildən artıq müddətdə əhaliyə yüksək keyfiyyətli tibbi yardım göstərdiyinə dair məlumat verilib. Tibb müəssisəsi, həmçinin həkimlər və orta tibb işçiləri üçün klinik baza rolunu oynayır. Xəstəxana digər elmi institutlarla əlaqəli şəkildə klinik sınaqlar və tədqiqatlar aparır.
Kuba Respublikasının ilkin səhiyyə sistemi ilə tanışlıq məqsədilə “Cosme Ordonez Carceller” tədris poliklinikasına səfər edilib. Poliklinikada göstərilən tibbi xidmətlər, aparılan tədqiqat işləri və yerli icmalarda epidemioloji nəzarətin təşkilinə dair məlumatlar paylaşılıb.
Daha sonra Dərman Vasitələri və Tibbi Avadanlıqlar üzrə Tənzimləyici Orqanda keçirilən görüşdə dərman vasitələri, tibbi avadanlıqların qeydiyyatı, kliniki sınaqlar, farmakonəzarət tədbirləri barədə məlumat verilib.
BioCubaFarma biotexnologiya şirkətində istehsal olunan innovativ dərman vasitələrinə və onların müxtəlif ölkələrdə qeydiyyatı və istifadəsinə dair ətraflı təqdimat edilib.
Səfərin sonunda Havana Tibb Elmləri Universitetində keçirilən görüşdə tibb təhsili sisteminin təşkili, akademik heyət və tələbə mübadiləsi, tibb təhsili müəssisələri arasında əməkdaşlığa dair müzakirələr aparılıb.