Cenevrədə Azərbaycan və Kuba Səhiyyə nazirliklərinin nümayəndə heyətlərinin ikitərəfli görüşü baş tutub
Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə heyəti səhiyyə sektorunda beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə ikitərəfli görüşlər keçirir.
Belə ki, may ayının 22-də Kubanın ictimai səhiyyə naziri Xose Anxel Portal Mirandanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Azərbaycanın səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, səhiyyə və tibb elmi sahəsində də əməkdaşlığın nümunəvi olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildə COVID-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətindəki tədbirlər çərçivəsində Kubalı mütəxəssislərdən ibarət həkim briqadaların ölkəmizə gəlməsi buna bariz nümunədir: “Bu addım Azərbaycan və Kuba arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə, davamlılığın təmin edilməsinə xidmət edir”.
Teymur Musayev öz çıxışında Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini də qeyd edib: “Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü nəticəsində peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qəbul edilib”.
Teymur Musayev ölkələrimizin Səhiyyə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində Anxel Portal Miranda çıxışında Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələrin mövcudluğunu vurğulayıb: “Sizin də qeyd etdiyiniz kimi, COVID-19 pandemiyası zamanı Kubadan həkim briqadalarının Azərbaycana gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək".
Sonda Kubanın ictimai səhiyyə naziri bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Görüşdə Azərbaycanla Kuba arasında tibb müəssisələri və tibb təhsili üzrə əməkdaşlıq, əczaçılıq sahəsində tədqiqat və inkişaf fəaliyyətlərinə dair qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş müzakirələr aparılıb.