Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki səfiri ilə görüş keçirilib
Azərbaycan Səhiyyə Nazirliyində Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Tamaş Yojef Tormanı Macarıstanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Nazir Azərbaycanla Macarıstan arasında səhiyyə və tibb elmi sahəsində məhsuldar əməkdaşlıq əlaqələrin mövcudluğunu vurğuladı: “Əczaçılıq sahəsində də əlaqələrimiz dinamik inkişaf edir. Bildiyiniz kimi, əczaçılıq sənayesi 21-ci əsrin ən mühüm sektorlarından biridir. Tarixən Macarıstan əczaçılıq məhsulları keyfiyyətinə görə seçiliblər. Deyə bilərəm ki, Azərbaycanda səhiyyə müəsissələrinin bir qismi Macarıstan istehsalı olan tibbi cihazlarla da təchiz olunub. Eyni zamanda, ölkələrimiz arasında əczaçılıq sənayesi sahəsində əməkdaşlığın yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi üçün hər cür şərait var”.
COVID-19 infeksiyası ilə mübarizə mövzusuna toxunan Teymur Musayev vurğuladı ki, Azərbaycan-Macarıstan əlaqələri Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin əməkdaşlığı çərçivəsində aparılır.
Sonda nazir gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Tamaş Yojef Torma son illər ölkələrimiz arasında əczaçılıq sənayesində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Səfir tibb təhsili sahəsində də qarşılıqlı fəaliyyət üçün yeni imkanlar yaradılmasını bildirdi. “Hazırda 1200-ə yaxın Azərbaycan vətəndaşı Macarıstanın ali təhsil ocaqlarının tələbələridir. Buna baxmayaraq, hesab edirəm ki, tibb təhsili alan tələbələrin sayının artırılması zəruridir”, - deyə səfir vurğuladı.
Konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən söhbət zamanı səhiyyə və tibb elmi sahəsində Azərbaycan-Macarıstan əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin dərman və digər əczaçılıq məhsulları sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.