Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov da iştirak edib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli əlaqələrin dərin tarixi köklərə əsaslandığını bildirdi: “Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi güclü siyasi və mənəvi dəstək buna bariz örnəkdir. Dövlət başçılarımızın arasında səmimi dostluq və qardaşlıq münasibətləri bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əməkdaşlığımızın daha da dərinləşməsinə xidmət edir”.
Öz çıxışında Teymur Musayev vurğuladı ki, Azərbaycanda tibbin bütün sahələri üzrə peşəkar kadrların yetişdirilməsində qardaş ölkənin tibbi mərkəzlərində çalışan mütəxəssislərin müstəsna xidmətləri var: “Mən, Vətən müharibəsi dövründə türkiyəli həmkarlarımızın dəstəyini də xüsusi vurğulamaq istərdim. Biz, eyni zamanda COVID-19 pandemiyasının ən ağır dövründə də yaxından əməkdaşlıq etdik. Türkiyəli mütəxəssislərin dəyərli tövsiyələri respublikamızdakı epidemioloji vəziyyətin sabitləşməsinə öz tövhəsini verib”.
Teymur Musayev, həmçinin Səhiyyə Nazirliyinin nümayəndə heyətinin ötən il may ayında Türkiyəyə işgüzar səfərini xatırladıb: “Səfər çərçivəsində Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə görüş zamanı olduqca səmərəli müzakirələr apardıq, qardaş ölkənin aparıcı tibb ocaqlarının fəaliyyəti ilə də tanış olduq. Hər iki ölkənin səhiyyə nazirlikləri arasında imzalanmış “2022-2023-cü illər üçün Əməkdaşlıq üzrə Yol Xəritəsi” səhiyyənin bütün sahələrində təcrübə mübadiləsi və inkişaf baxımından olduqca faydalıdır”.
Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini vurğuladı: “Ölkəmizdə səhiyyənin inkişafı və tibbi kadrların hazırlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətin anadan olmasının 100 illiyi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən silsilə tədbirlər, həmçinin beynəlxalq elmi-praktiki konfranslar təşkil olunacaq. Bu tədbirlərdə tanınmış Türkiyəli mütəxəssislərin iştirakı bizim üçün çox önəmlidir”.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri ölkələrimiz arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirdi: “Möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir”.
Şamil Ayrım həmçinin qeyd edib ki, Türk dünyasının böyük oğlu Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar təkcə Azərbaycanda deyil, Türkiyədə də mühüm tədbirlər keçiriləcək.
Müzakirələr zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində bundan sonra da möhkəmlənəcəyinə və genişlənəcəyinə əminlik ifadə olundu.