Səhiyyə Nazirliyində Türkiyənin aparıcı universitetlərinin rəhbərləri ilə görüş keçirilib
Əvvəlcə səhiyyə naziri Teymur Musayev Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güranı qəbul edib.
Səhiyyə naziri ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən tibb sahəsində qarşılıqlı faydalı əlaqələrin mövcudluğundan məmnunluğunu bildirib. Onun sözlərinə görə, uzun illər ərzində tibb sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi üçün səmərəli işlər görülüb.
Öz növbəsində Mehmet Cahit Güran səhiyyə sahəsində Azərbaycanla Türkiyə arasında sıx əlaqələrin mövcudluğunu vurğulayaraq, ölkələrimizin mütəxəssis və həkimlər üçün təcrübə mübadiləsi və ixtisasartırma proqramlarında iştirakı üçün qarşılıqlı səfərlər təşkil olunduğunu diqqətə çatdırıb.
Daha sonra Teymur Musayev Qazi Universitetinin rektoru Musa Yıldızla görüşüb.
Nazir xatırladıb ki, ölkəmizin qocaman ali məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti ilə Türkiyənin 20-ə yaxın nüfuzlu universitetləri arasında anlaşma memorandumu imzalanıb və bu istiqamətdə səmərəli əməkdaşlıq aparılır: “Bu sazişlər çərçivəsində bir çox sahələr üzrə qarşılıqlı fəaliyyət və birgə layihələr icra olunur”.
Musa Yıldız bildirib ki, rəhbərlik etdiyi təhsil ocağının mütəxəssisləri Azərbaycan Tibb Universitetində təşkil olunan təlim, beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak edirlər.
Səhiyyə naziri həmçinin Başkənd Universitetinin təsisçisi Mehmet Haberal ilə görüşüb.
Teymur Musayev tibb təhsili sahəsində qarşılıqlı fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların mübadiləsi üçün yeni imkanlar yaradıldığını diqqətə çatdırıb.
Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu vurğulayan Mehmet Haberal bu birliyin təhsil və tibb sahəsində də yüksələn xətlə davam edəcəyini qeyd edib.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə ölkələrimiz arasında tibb sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər görülməsinin vacibliyi vurğulanıb.