AR Səhiyyə Nazirliyində BMT-nin İnkişaf Proqramı Azərbaycandakı nümayəndəliyi ilə görüş keçirilib
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycanda Rezident Nümayəndəsi Alessandro Frakassettini ölkəmizdəki fəaliyyət müddətinin başa çatması münasibətilə qəbul edib.
Cənab Frakasettinin sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı onun rəhbər etdiyi təşkilat BMT-nin İnkişaf Proqramı çərçivəsində 30-a yaxın layihələrini həyata keçirib. Onların sırasında o, dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” proqramını vurğulayıb.
Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev öz növbəsində tərəflərin uğurlu əməkdaşlığını və BMTİP-nin Azərbaycanda İİV/QİÇS xəstəliklərlə mübarizədə xüsusi rolunu vurğulayıb. O, COVID-19 pandemiyası dövründə Azərbaycana dərman və tibb ləvazimatlarının gətirilməsi ilə bağlı təchizatda yaranan çətinlikləri qeyd edərək bu problemlərin aradan qaldırmasında hər iki tərəfin uğurlu səylərini vurğuladı.
Görüşdə problemlərin aradan qaldırılmasında səmərəli əməkdaşlığın mahiyyəti vurğulandı.
BMTİP-nin növbəti rəhbərliyi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən Teymur Musayev, cənab Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.