Azərbaycan Respublikasının səhiyyə naziri Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində ikitərəfli görüşlər keçirib
Astanada keçirilən Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin 73-cü sessiyası çərçivəsində Azərbaycanın səhiyyə naziri Teymur Musayev ÜST-nin Avropa Regional direktoru Hans Henri Klüqe, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat və UNAİDS-in Asiya-Sakit Okean, Şərqi Avropa və Mərkəzi Asiya üzrə Regional Dəstək Qruplarının Direktoru İmonn Merfi ilə ikitərəfli görüşlər keçirib.
Səmimi mühitdə keçən görüşlərdə, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı və onun Avropa Regional Komitəsi ilə qarşılıqlı fəaliyyətinin yüksək səviyyədə olduğu bildirilib. Azərbaycan Respublikası Prezidentinin ÜST-lə əməkdaşlığa böyük önəm verdiyi, COVID-19 pandemiyası zamanı Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiyanın çağırılması ÜST və onun Avropa Regional Komitəsi tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb.
Həmçinin, səhiyyənin rəqəmsallaşdırılması, insan kapitalı və infrastruktur sahələrində ölkəmizin ÜST-lə daha sıx əməkdaşlığa maraqlı olduğu bildirilib. COVID-19-la mübarizədə Azərbaycanın beynəlxalq müstəvidə göstərdiyi yardım və irəli sürdüyü təşəbbüslər də qeyd edilib.
Görüşlərdə səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf imkanları, əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub. Səhiyyədə idarəçiliyin müasir konsepsiyalara uyğun formalaşdırılması, yerli və xarici tərəfdaşlarla əməkdaşlığda Ümumdünya Səhiyyə Təşkilatı, onun Avropa Regional Komitəsinin dəstəyi yüksək qiymətləndirilib.
ÜST-ə üzv ölkələr və beynəlxalq təşkilatlarla səhiyyə sisteminin müasir çağırışlar əsasında qurulması, mütərəqqi idarəetmə prinsipləri, texnoloji nailiyyətlərin tətbiqi, tibb təhsilinin inkişafı, xəstəliklərin diaqnostikası, QİÇS-lə mübarizədə təcrübə mübadiləsi, habelə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi də vurğulanıb. Qeyd edilib ki, ÜST-nin Avropa Regional Komitəsi ilə qarşılıqlı əməkdaşlıq region ölkələrində əhalinin sağlamlığının qorunması, gələcəkdə baş verə bilən pandemiyalara hazırlıq və digər bu kimi sahələrdə tədbirlərin həyata keçirilməsi və mövcud potensialların səfərbər olmasına geniş imkanlar yaradıb.