COVAX platforması vasitəsilə ölkəmizə “AstraZeneca” tərəfindən istehsal olunan 84 min doza COVID-19 peyvəndi gətirilib
Aprelin 4-də COVAX platforması vasitəsilə Koreya Respublikasından ölkəmizə COVID-19 vaksinlərin ilk partiyası gətirilib.
“AztraZeneca” şirkətinin istehsal etdiyi 84 min doza peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.
Vaksini gətirən təyyarəni BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam M. İshaqzai, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas, UNICEF-in (BMT-nin Uşaq Fondu) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Edvard Karvardin, səhiyyə nazirinin müavini Viktor Qasımov və digər rəsmilər qarşılayıb.
Kestutis Yankauskas jurnalistlərə açıqlamasında Azərbaycan hökumətinin vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş gördüyünü vurğulayıb: “Gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək. Vaksinlərlə bağlı töhfə verənlərin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNICEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.
Öz növbəsində Viktor Qasımov ümumilikdə “AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVID-19 vaksin dərman vasitəsinin mayın sonunadək Azərbaycana idxalının nəzərdə tutulduğunu bildirib: "Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni növ koronavirus infeksiyasını (COVID-19) idarə olunan səviyyədə saxlamaq mümkün olub".
Nazir müavinin sözlərinə görə, xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir və bunun üçün ölkəyə peyvənd gətirilməlidir: "Buna nail olmaq üçün Azərbaycanda həm ikitərəfli, həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində “AstraZeneca” şirkətinə məxsus 84 000 doza COVID-19 vaksin dərman vasitəsi gətirilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVID-19 bəlasından o qədər tez xilas olacağıq”.
Viktor Qasımov, həmçinin qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: “Bildiyiniz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.