Səhiyyə naziri Teymur Musayev “Vərəm xəstəliyinə son qoyulması üzrə Tərəfdaşlığın" İdarə Heyətinin onlayn formatında keçirilən 35-ci toplantısında çıxış edib
19-20 may tarixlərində “Vərəm xəstəliyinə son qoyulması üzrə Tərəfdaşlığın" (STOP TB Partnership) İdarə Heyətinin 35-ci toplantısı keçirilir. Beynəlxalq qurumun budəfəki iclası onlayn formatda təşkil olunub.
Öz çıxışlarında Qlobal Plan İşçi Qrupunun sədri, iştirakçı ölkələrin səhiyyə nazirləri təəssüf hissi ilə qeyd etdilər ki, vərəm dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və hər gün 4100-dən çox insan bu xəstəlikdən vəfat edir.
Toplantının “Vərəmlə mübarizənin maliyyələşdirilməsi mənbələri” mövzusuna həsr olunmuş panel sessiyasında Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev çıxış edib.
Teymur Musayev qeyd edib ki, 2012-ci ildən başlayaraq Azərbaycan hökuməti tərəfindən vərəmlə mübarizə üzrə Dövlət Proqramları hesabına vərəmə qarşı davamlı olmayan dərmanların alınması və digər müvafiq xərclərin tam ödənilməsinə başlanılıb: “Eyni zamanda, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir. Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.
“2020-ci ildən Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmi – icbari tibbi sığorta tətbiq edilir. Onun həyata keçirilməsi koronavirus pandemiyasına təsadüf etməsinə baxmayaraq, ilkin nəticələr ümidvericidir. İcbari tibbi sığortanın tətbiqi planı səhiyyə modullarının tədricən fayda paketinə daxil edilməsini nəzərdə tutur. Vərəmlə mübarizə qlobal məsələdir və biz birlikdə əməkdaşlıq edərək, eyni zamanda təcrübəmizi bölüşərək daha çox müsbət nəticələr əldə edə bilərik”, - deyə Teymur Musayev fikrini tamamladı.
“Vərəm xəstəliyinə son qoyulması üzrə Tərəfdaşlığın" İdarə Heyətinin 35-ci toplantısı bu gün yekunlaşacaq.