Səhiyyə Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Səhiyyə Nazirliyində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev xatırladıb ki, Azərbaycan 1992-ci ildən etibarən Dünya Bankı ilə əməkdaşlıq edir: “Azərbaycan və Dünya Bankı arasında əlaqələr çoxşaxəlidir və bu əməkdaşlıq hər il yüksələn xətlə inkişaf etməkdədir”.
Nazir qeyd edib ki, rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir. 2021-ci ildə elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atılıb. “Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır”, - deyə səhiyyə naziri bildirib.
Öz növbəsində Sara Maykl Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib: “Biz Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə hazırıq”.
Sonda Dünya Bankının nümayəndələri ölkədə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim ediblər.
Qarşılıqlı anlaşma şəraitində keçən toplantıda tərəflər işçi qrupları səviyyəsində görüşləri davam etdirmək barədə razılığa gəliblər.