Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) mövcud olan qanun, sərəncam və əmrlərə əsasən Azərbaycanda İİV-infeksiyası üzərində epidemioloji nəzarətin aparılmasını təmin edir və ölkədə İİV-ə müayinə olunmuş şəxslər haqqında məlumatın toplanılması və təhlili, İİV-ə yoluxmuş insanların aşkar olunması və qeydiyyata alınması, eləcə də İİV-infeksiyasının yayılma tendensiyalarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Bununla yanaşı, İİV-infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə profilaktik və əksepidemik tədbirlər həyata keçirir.
RQMM və onun regional diaqnostik laboratoriyaları beynəlxalq standartlara uyğun təşkil edilib və müasir avadanlıqla təchiz olunub.
İİV-infeksiyasının ilkin diaqnostikası RQMM-də və regional laboratoriyalarda həyata keçirilir. İİV-infeksiyasının təsdiqedici diaqnostikası yalnız RQMM-in referens laboratoriyasında aparılır.
İİV-ə yoluxması təsdiq olunan insanların bütün sonrakı laborator müayinələri (ikincili və yanaşı gedən xəstəliklərin diaqnostikası, immunoloji, virusoloji müayinələr və s.) RQMM-də və onun 6 regional laboratoriyasında həyata keçirilir.