Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 13 dekabr tarixli 233 nömrəli qərarı ilə təsdiq edilmişdir
1. Giriş
“Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanına əsasən hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 18 yanvar tarixli 16 nömrəli qərarı ilə təsdiq edilmiş və 2006-2010-cu illəri əhatə edən “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi əhaliyə göstərilən transfuzioloji xidmətin təkmilləşdirilməsinə, ehtiyacı olan xəstələrin qan və qan preparatları ilə təminatının yaxşılaşdırılmasına imkan yaratmışdır. Belə ki, bu Dövlət Proqramının həyata keçirildiyi dövr ərzində təmənnasız donorların sayı və tədarük edilmiş qanın miqdarı 2 dəfə, komponentlərə bölünmüş qanın miqdarı 1,8 dəfə, eritrosit kütləsinin və təzə dondurulmuş plazmanın miqdarı isə 4 dəfə artmışdır.
Görülən tədbirlər nəticəsində müalicə-profilaktika müəssisələrinin, eləcə də talassemiyalı, hemofiliyalı və hemodializ müalicəsi alan xəstələrin qan və onun komponentləri ilə təmin edilməsinə əsasən nail olunmuşdur.
Eyni zamanda, respublikada irsi qan xəstəliyi olan şəxslərin, aparılan mürəkkəb cərrahi əməliyyatların sayının artması qan və onun komponentlərinə olan tələbatı artırır. Bununla əlaqədar olaraq, qan xidmətinin inkişaf etdirilməsinə, donor hərəkatının genişləndirilməsinə, qan xidməti müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılmasına ehtiyac vardır.
2011-2015-ci illəri əhatə edən bu Tədbirlər Proqramı xəstələrin keyfiyyətli və təhlükəsiz qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılmasına yönəlmişdir.
2. Tədbirlər Proqramının məqsəd və vəzifələri
Tədbirlər Proqramının məqsəd və vəzifələri aşağıdakılardır:
- xəstələrin keyfiyyətli qan və qan komponentləri ilə tam təmin olunması və əhaliyə göstərilən transfuzioloji yardımın səviyyəsinin artırılması;
- tədarük edilən və istifadə olunan qan və onun komponentlərinin təhlükəsizliyinin təmin edilməsi;
- qan xidməti müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi;
- qan və qan komponentlərinin donorluğunun inkişaf etdirilməsi.
3. Tədbirlər Proqramının maliyyələşdirilməsi
Tədbirlər Proqramının reallaşması üçün tələb olunan xərclərin maliyyələşdirilməsi müvafiq illər üzrə dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.
4. Proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər
Sıra № | Tədbirin adı | İcraçı təşkilatlar | İcra müddəti |
1. Qanın və qan komponentlərinin donorluğunun təbliği | |||
---|---|---|---|
1.1 | İdarə və təşkilatlarda donorluq aksiyalarının təşkil edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | mütəmadi |
1.2 | Qan və qan komponentləri donorluğuna dair populyar kitabçaların, bukletlərin, vərəqələrin, plakatların çap edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
1.3 | Kütləvi informasiya vasitələri ilə qan donorluğuna dair məlumatların verilməsi |
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC |
mütəmadi |
2. Qan xidməti müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi | |||
2.1 | Qan xidməti müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıq və ləvazimatlarla təmin edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
2.2 | Səyyar şəraitdə qan tədarükünün həyata keçirilməsi məqsədi ilə Mərkəzi Qan Bankının xüsusiləşdirilmiş avtonəqliyyatla təmin edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011 |
2.3 | Qan xidməti müəssisələrinin kompüterləşdirilməsi və respublikada qan donorları, qan və onun komponentlərinin ehtiyatı barədə məlumatların təmin edilməsi məqsədi ilə kompüter şəbəkəsinin yaradılması | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2012 |
2.4 | Regional qan banklarının (Şəki, Quba, Lənkəran) fəaliyyətinin gücləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılması işlərinin təkmilləşdirilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2012 |
3. Qanın və qan komponentlərinin təhlükəsizliyinin təmin edilməsi | |||
3.1 | Tədarük edilən qanın təhlükəsizliyini təmin edən müasir texnologiyaların (NAT texnologiyası, plazmanın virusinaktivasiyası, donor qanının tam avtomatik müayinəsi ) tətbiq edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | mütəmadi |
4. Təbii fəlakət, qəza və digər fövqəladə vəziyyətlər zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı |
|||
4.1 | Təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı zərərçəkənlərin qan və qanın komponentləri ilə təminatı üçün lazımi ehtiyatların yaradılması (qan torbaları, müvafiq reaktivlər, qanəvəzedicilər, qanköçürmə sistemləri və s.) | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi | mütəmadi |
5. Kadr hazırlığı | |||
5.1 | Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
5.2 | Qan xidməti və transfuziologiya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |
5.3 | Qan və qan komponentləri donorluğuna, tədarükünə, təhlükəsizliyinə və köçürülməsinə dair təlimatların və elmi ədəbiyyatın hazırlanması | Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi | 2011-2015 |