Azərbaycanda vərəmlə mübarizə sahəsində əhəmiyyətli işlər görülür. Vərəmlə mübarizə üzrə dövlət proqramı və Milli Strategiya qəbul edilmişdir. Xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Vərəmin multirezistent formaları ilə xəstələrin müalicəsi üçün Bakı şəhərində xüsusiləşdirilmiş xəstəxana istifadəyə verilmişdir. Bundan əlavə respublikanın şəhər və rayonlarında da vərəm xəstəxanalarının tikintisi və təmiri həyata keçirilmiş, onların nəzdində mikrobioloji laboratoriyalar fəaliyyətə başlamışdır.
Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası 2010-cu ildən tam gücü ilə fəaliyyət göstərir və Ümumdünya Səhiyyə Təşkilatının sertifikatını almışdır. Bu laboratoriyada respublikanın bütün şəhər və rayonlarından mərkəzləşdirilmiş qaydada gətirilən bəlğəm nümunələrin bakterioloji müayinəsi təşkil edilmişdir.
Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur.