2011-ci ildən ölkədə rezidentura təhsili tətbiq edildikdən sonra xarici ölkələrdə diplomdan sonra tibb ixtisasları üzrə təhsil almış şəxslərin çoxsaylı müraciətləri nəzərə alınaraq 29.04.2022-ci il tarixində Azərbaycan Respublikasının səhiyyə naziri tərəfindən “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması və müvafiq maarifləndirmə işlərinin aparılması barədə” əmr imzalanıb. Həmin əmrə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 13.06.2022-ci il tarixli qərarı ilə “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanın keçirilməsi Qaydası” təsdiq olunub.
Səhiyyə Nazirliyinin Kadr Məsələləri üzrə Komissiyasının (bundan sonra – Komissiya) 06.10.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün MDB ölkələri və Ukrayna Respublikasında klinik ordinatura təhsili almış şəxslərin (bundan sonra – müvafiq şəxslər) bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahanda iştirakı məqsədəmüvafiq hesab edilib.
Bununla yanaşı, internatura proqramlarının müddəti, məzmunu, eləcə də nəzəri təlim və təcrübə hissələrinin rezidentura təhsil proqramlarından kəskin fərqlənməsi ilə əlaqədar internatura hazırlığı keçmiş şəxslərin imtahana buraxılmaması barədə qərar qəbul edilib. Komissiya internatura təhsili almış şəxslərə həmin hazırlıq əsasında əldə etdikləri ixtisaslar üzrə Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyətinə buraxılmaları üçün qanunvericiliyə uyğun olaraq rezidentura səviyyəsində təhsil almalarını tövsiyə edib.
İmtahanda iştirak etmək üçün müvafiq şəxslər Səhiyyə Nazirliyinin rəsmi internet saytının (www.health.gov.az) “Elektron Səhiyyə xidmətləri” bölməsində “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu” xidməti vasitəsilə 11.11 2022-ci il tarixindən 07.12.2022-ci il tarixinədək sənədlərini təqdim etməli və “Namizədin elektron ərizəsi”ni dolduraraq təsdiq etməlidirlər. 07.12.2022-ci il tarixindən sonra imtahanda iştirak üçün ərizələrin qəbulu dayandırılacaqdır.
İxtisaslar üzrə sual topluları Səhiyyə Nazirliyinin rəsmi internet saytında yerləşdirilib. Sual topluları ilə aşağıdakı keçidlərdən tanış ola bilərsiniz.
Anesteziologiya-reanimatologiya
Daxili xəstəliklər
Dermatovenerologiya
Kardiologiya
Qastroenterologiya
Mamalıq-ginekologiya
Nevrologiya
Neyrocərrahiyyə
Oftalmologiya
Onkologiya
Ortodontiya
Otorinolarinqologiya
Pediatriya
Plastik cərrahiyyə
Travmatologiya-ortopediya
Urologiya
Ümumi cərrahiyyə
Ürək damar cərrahiyyəsi
Şua diaqnostikası
Psixiatriya
Neonatologiya
Endokrinologiya
Üz-çənə cərrahiyyəsi
İmtahanın nəticəsi barədə məlumatı imtahan keçirildiyi gündə elektron səhiyyə portalında “Şəxsi kabinet” vasitəsi ilə əldə etmək mümkün olacaq. İmtahanın nəticələrindən narazı qalan iştirakçıların müraciətlərinə onların iştirakı ilə Komissiya tərəfindən baxılacaq.
İmtahanda uğur qazanmış şəxslər göndəriş verilməklə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 6 aylıq kurslara cəlb ediləcəklər. Kursu bitirən şəxslərə Komissiyanın qərarı əsasında Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə təqdim olunacaq və Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən dövlət tibb müəssisələrinə müqavilə əsasında 1 (bir) il müddətinə iş yerinə göndəriş veriləcək.
Ərizə qəbulu bitdikdən sonra ixtisaslar üzrə imtahan tarixləri barədə əlavə məlumat Səhiyyə Nazirliyinin rəsmi internet saytında veriləcək. Saytı izləmək tövsiyə olunur.
Bir daha bildiririk ki, qeyd olunan tədbirlər müvəqqəti xarakterli olub, qüvvəsi xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin rezidenturaya qəbulu ilə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişikliklər barədə Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış layihə təkliflərinin qüvvəyə minməsinə qədərdir.
İmtahanda iştirak etmək üçün sənədlərin “Elektron Səhiyyə xidmətləri” vasitəsilə təqdim edilməsində texniki dəstəyin göstərilməsi ilə əlaqədar 012 431 38 28, əlavə suallarınızla bağlı 012 441 26 03 (daxili: 307) telefon nömrələri ilə əlaqə saxlamağınız xahiş olunur.