Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Komitəsinin illik sessiyası sentyabrın 13-dən 15-dək keçirilir. COVID-19 pandemiyası səbəbindən tədbir Kopenhagendən virtual formatda yayımlanır.
Səhiyyə nazirləri, dövlət və hökumət başçıları və digər yüksək vəzifəli şəxslər səhiyyə sahəsində bütün Avropa regionu qarşısında duran əsas problemləri müzakirə edəcəklər. Tədbirdə ölkəmizi səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev təmsil edir.
T.Musayev "Fövqəladə hallara hazırlıq və cavab tədbirləri kontekstində COVID-19 pandemiyasından çıxarılan nəticələr" mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, Regional Komitə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun rəhbər və qərarverici orqanıdır, onun sessiyası isə əhalinin sağlamlıq və rifah vəziyyətini yaxşılaşdırmaq məqsədini daşıyan regional strategiyaların, tədbirlərin və maliyyə planlarının müzakirəsi və təsdiqlənməsi məqsədilə hər il səhiyyə nazirlərini bir araya gətirən regionda ictimai sağlamlıq məsələləri üzrə əsas toplantıdır.