SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Положение Министерства здравоохранения

УТВЕРЖДЕНО Указом Президента Азербайджанской Республики № 413 от 25 мая 2006 года.

Указ Президента Азербайджанской Республики об утверждении Положения о Министерстве здравоохранения Азербайджанской Республики, структуры министерства и определения штатной численности персонала.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin aparatının işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

4.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 762; 2005-ci il, № 12, maddə 1102) qüvvədən düşmüş hesab edilsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında ƏSASNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra-Nazirlik) əhalinin sağlamlığının qorunması sahəsində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

3. Nazirlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

4. Nazirlik müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

5. Nazirliyin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.

6. Nazirlik Bakı şəhərində yerləşir.

II. NAZİRLİYİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

7. Nazirliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

7.1. müvafiq sahədə vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;

7.2. müvafiq sahənin inkişafı üzrə müxtəlif proqramlar hazırlayır və həyata keçirilməsini təmin edir;

7.3. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. NAZİRLİYİN VƏZİFƏLƏRİ

8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

8.1. əhaliyə tibbi yardımın göstərilməsini təmin etmək;

8.1-1. dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;

8.2. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş normativ tənzimləməni həyata keçirmək;

8.3. dövlət proqramlarının və inkişaf konsepsiyalarının həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.4. müvafiq sahənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkilinin formalarını təkmilləşdirmək, demoqrafik prosesin və əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını yaratmaq;

8.5. müvafiq sahədə qanunvericiliklə onun səlahiyyətlərinə aid edilmiş dövlət nəzarətini, o cümlədən səlahiyyətləri daxilində dövlət səhiyyə sisteminə daxil olan qurumların fəaliyyətinə, tibb təhsilinə, tibb sahəsində elmi tədqiqat işlərinə rəhbərliyi və nəzarəti, uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsinə nəzarəti, qeyri-dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarəti və dövlət sanitariya-epidemioloji nəzarətini həyata keçirmək;

8.5-1. uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair monitorinqlər aparılmasında iştirak etmək;

8.5-2. Nazirliyin qanun əsasında müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair illik hesabat hazırlamaq;

8.5-3. uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısını təsdiq etmək, dispanserizasiyadan keçiriləcək və dispanserizasiyadan keçmiş uşaqların uçotunu aparmaq, onların uçotu qaydasını və dispanserizasiyanın təqvimini müəyyən etmək, dispanserizasiyadan keçmiş uşaqların registrini yaratmaq və aparmaq;

8.6. öz səlahiyyətləri daxilində ölkə ərazisinin karantin infeksiyalarının gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli yeyinti məhsulları və istehlak mallarının (qida məhsulları istisna olmaqla) idxalından sanitariya mühafizəsini təmin etmək, bu sahədə gömrük orqanları ilə qarşılıqlı məlumat mübadiləsini həyata keçirmək;

8.7. qanunvericiliyə uyğun olaraq gigiyenik sertifikatlaşdırma işinin aparılmasını təşkil etmək;

8.8. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada müvafiq fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) vermək;

8.9. qanunvericiliyə uyğun olaraq xüsusi icazənin verilməsini təmin etmək, hüquqmüəyyənedici sənədlər vermək;

8.9-1. özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımına rəy vermək;

8.10. əhalini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məmulatlarla təmin etmək;

8.10-1. öz səlahiyyətləri daxilində bədən tərbiyəsi və idmanın təbliği forma və metodlarını müəyyən etmək, kütləvi informasiya vasitələrində bədən tərbiyəsi və idmanın sosial əhəmiyyətinin, əhalinin sağlamlığının möhkəmləndirilməsi və fiziki inkişafında, sağlam həyat tərzinin formalaşdırılmasındakı rolunun açıqlanmasını təmin etmək;

8.10-2. bədən tərbiyəsi və idmanla, o cümlədən idman-sağlamlıq turizmi ilə məşğul olan şəxslər üzərində tibbi nəzarəti həyata keçirmək, ehtiyat idman qüvvələrinin və idman növləri üzrə müxtəlif səviyyəli milli yığma komandaların idman yarışlarına hazırlığının tibbi təminatında iştirak etmək;

8.10-3. tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirmək;

8.11. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

8.11-1. qeysəriyyə kəsiyi əməliyyatının aparılmasının tibbi əsaslarını müəyyən etmək;

8.12. müvafiq qanunvericiliklə yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası sahəsində səhiyyə orqanlarına həvalə edilən məsələləri həll etmək;

8.13. tibb təhsili müəssisələrində tibb və əczaçı kadrlarının hazırlanmasına rəhbərlik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək, qurumlarını ixtisaslı kadrlarla təmin etmək;

8.13-1. qanunvericiliyə uyğun olaraq tabeliyində olan dövlət təhsil müəssisələrinin maliyyələşdirilməsini həyata keçirmək;

8.13-2. səhiyyə işçilərinin əlavə təhsili üzrə tədbirləri, qanunvericiliyə uyğun olaraq həkimlərin və əczaçıların sertifikasiyasını və digər səhiyyə işçilərinin attestasiyasını həyata keçirmək;

8.14. ölkə ərazisində yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq;

8.15. müvafiq sahənin hərtərəfli inkişafı üçün zəruri tədbirlər görmək;

8.16. digər icra hakimiyyəti orqanlarının müvafiq sahə ilə bağlı fəaliyyətini əlaqələndirmək;

8.17. Nazirliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində tədbirlər görmək;

8.18. qurumlarında çalışan işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitini təmin etmək;

8.19. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;

8.20. öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaq;

8.20-1. əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək;

8.21. qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla səhiyyə sahəsində elmi tədqiqatları inkişaf etdirmək və bu sahədə nailiyyətlərin tətbiq edilməsini təmin etmək;

8.22. müvafiq sahəyə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

8.23. qanunvericiliyə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

8.24. dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdirilməsi və müvafiq dövlət orqanlarına qanunvericiliyə uyğun olaraq çatdırılmasını təşkil etmək;

8.25. Nazirliyin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;

8.26. mühasibat uçotunun qanunvericiliyə uyğun olaraq aparılmasını təmin etmək;

8.27. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

8.28. öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək;

8.29. Kurort fondunun dövlət uçotunu aparmaq, kəşf edilmiş təbii müalicə ehtiyatlarının dövlət ekspertizasını həyata keçirmək;

8.30. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

IV. NAZİRLİYİN HÜQUQLARI

9. Nazirlik öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

9.1. müvafiq sahədə dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər vermək;

9.2. əhalinin sağlamlıq vəziyyətini öyrənmək, xəstəliklərin qarşısını almaq, əlillik, uşaqların sağlamlıq imkanlarının məhdudluğunu və ölüm hallarının azaldılması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirləri həyata keçirmək;

9.3. analığın və uşaqların mühafizəsi, reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə tədbirlər işləyib hazırlamaq, əlaqədar qurumlarla birlikdə qadın və yeniyetmələrin əməyinin mühafizəsi, uşaqların səhhəti, fiziki, gigiyenik tərbiyəsi üzrə tədbirlər keçirmək, ana və uşaqlara müalicə-profilaktika yardımını təşkil etmək, tabeliyindən asılı olmayaraq məktəbəqədər təhsil müəssisələrində uşaqların sağlamlığına nəzarət etmək, qanunvericiliyə uyğun olaraq uşaq qidası məhsullarının istehsalı, satışı və istehlakına tələb qoymaq;

9.4. ölkə üzrə kurort ehtiyatlarını öyrənmək, kurortların, sağlamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

9.5. qanunvericiliyə uyğun olaraq dövlət məhkəmə ekspertizası fəaliyyətini həyata keçirmək;

9.6. əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək, müvafiq sahədə təşviqat və maarifləndirmə işlərini həyata keçirmək;

9.7. qabaqcıl təcrübənin, tibb elminin nailiyyətlərinin tətbiqini təmin etmək, tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə istiqamətləndirmək və əlaqələndirmək;

9.8. tibb və əczaçılıq ixtisaslı mütəxəssislərə olan tələbatı müəyyənləşdirmək, bu mütəxəssislərin təhsil müəssisələrində yetişdirilməsini, eləcə də tibb sahəsində elmi-pedaqoji və elmi kadrların hazırlanmasını təşkil etmək, səhiyyə müəssisələrini tələbata uyğun ixtisaslı tibbi kadrlarla təmin etmək, həkimlərin, əczaçıların və digər səhiyyə işçilərinin peşəkarlığının yüksəldilməsi üzrə tədbirləri, o cümlədən onların müəyyən olunmuş qaydada attestasiyasını həyata keçirmək;

9.9. səhiyyə müəssisələrinin və əhalinin tibb təyinatlı məmulatlara, sanitar avtomobillərinə, tibb texnikasına və s. tələbatını öyrənmək və onları təchiz etmək;

9.10. öz səlahiyyətləri daxilində müvafiq sahəyə investisiyaların cəlb olunmasına dair təkliflər vermək;

9.11. tibb kadrlarının peşə hazırlığı səviyyəsinə nəzarəti təmin etmək;

9.11-1. tibb fəaliyyəti ilə məşğul olan müəssisə və təşkilatlar tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinə nəzarəti təmin etmək məqsədi ilə insanların həyat və (və ya) sağlamlığına əhəmiyyətli zərərin vurulması və ya belə təhlükənin olması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarə orqanlarından konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə kütləvi informasiya vasitələrində məlumatlar yayıldıqda, həmin müəssisə və təşkilatlarda yoxlama aparmaq;

9.12. səhiyyə sistemində ixtiraçılığın və səmərələşdiriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

9.13. qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iştirak edən şəxsləri mükafatlandırmaq, “Əməkdar həkim” fəxri adının, orden və medalların verilməsi haqqında aidiyyəti üzrə təqdimatlar vermək;

9.14. müvafiq sahədə tibbi konfrans, simpozium və qurultayların keçirilməsini təşkil etmək;

9.15. müvafiq sahəyə aid olan qanunvericilik aktlarının layihəsini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək;

9.16. öz səlahiyyətləri çərçivəsində qüvvədə olan qanunvericilik əsasında normativ sənədlər qəbul etmək;

9.17. qurumlarının əmr və sərəncamlarını ləğv etmək, digər təşkilatların qanunvericiliyə zidd olan, əhalinin sağlamlığına mənfi təsir göstərən qərarlarının icrasının dayandırılması və ləğv edilməsi haqqında müvafiq orqanlar qarşısında vəsatət qaldırmaq;

9.18. müvafiq sahə üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək;

9.19. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

9.20. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, o cümlədən səhiyyənin əsas istiqamətləri üzrə Ümumdünya Səhiyyə Təşkilatı ilə, xarici dövlətlərin aidiyyəti dövlət orqanları (qurumları) ilə, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq etmək, xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək;

9.21. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, müvafiq sahə üzrə tədqiqatlar aparmaq, təkliflər vermək;

9.22. qanunvericiliyə uyğun olaraq Nazirliyin strukturunu təkmilləşdirmək;

9.23. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;

9.24. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək;

9.25. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

9.26. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. NAZİRLİYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

10. Nazirliyin aparatı və onun strukturuna daxil olan qurumlar və tabeliyində olan digər qurumlar (hüquqi şəxslər, təşkilatlar və sair), habelə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi Nazirliyin vahid sistemini təşkil edir. Nazirlik öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.

11. Nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) siyahısını Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir.

12. Nazirliyin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən nazir rəhbərlik edir. Nazir Nazirliyə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

13. Nazirin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini vardır.

Nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.

14. Nazir:

14.1. Nazirliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

14.2. Nazirliyin aparatının struktur bölmələrinin və tabeliyində olan qurumların əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;

14.3. müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, yerli və digər qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir;

14.4. Nazirliyin aparatının işçilərini, strukturuna daxil olan qurumların və tabeliyində olan digər qurumların (hüquqi şəxslərin, təşkilatların və sair) rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, ikili tabelikdə olan yerli orqanların rəhbərlərinin isə qanunvericiliklə müəyyən edilmiş qaydada vəzifəyə təyin edilməsi üçün təqdimatlar verir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri Nazirlik tərəfindən təsis olunmuş döş nişanları və fəxri fərmanlarla təltif edir;

14.5. qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verir, normativ hüquqi aktları təsdiq edir (imzalayır), onların icrasını təşkil edir və nəzarəti həyata keçirir;

14.6. Nazirliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

14.7. Nazirliyi təmsil edir.

15. Nazirlikdə nazirdən (kollegiyanın sədri), onun müavinlərindən, Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirindən və nazirliyin rəhbər işçilərindən ibarət kollegiya yaradılır. Nazirliyin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər.

16. Nazirliyin kollegiyasının üzvlərinin sayı və tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

17. Nazirliyin kollegiyası öz iclaslarında Nazirliyin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edir və müvafiq qərarlar qəbul edir.

18. Nazirliyin kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Nazirliyin kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Nazirliyin kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olarsa, kollegiyanın sədrinin səsi həlledici hesab edilir.

19. Nazirliyin kollegiyasının qərarları protokolla rəsmiləşdirilir və nazir tərəfindən təsdiq edilir.

20. Nazirliyin kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda nazir bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Nazirliyin kollegiyasının üzvləri şəxsi fikirlərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.

21. Nazirliyin kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların rəhbərləri, habelə qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

22. Nazirliyin tabeliyində ictimai əsaslarla fəaliyyət göstərən, müvafiq sahədə elmi-tibbi nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün Elmi-Tibbi Şura və Azərbaycan Respublikasında dərman vasitələrinin dövriyyəsi ilə əlaqədar əlavə ixtisaslaşdırılmış ekspertizanın aparılması üçün Farmakoloji və Farmakopeya Ekspert Şurası yaradılır. Həmin şuraların əsasnamələrini nazir təsdiq edir.

Ильхам АЛИЕВ,
Президент Азербайджанской Республики

Подать заявку онлайн

Форма заявки

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.