İstehlakçılar dərman vasitəsinin keyfiyyətinin araşdırılması barəsində hara və necə müraciət etməlidir, müraciətlərə necə baxılır?
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin ekspertizasının, o cümlədən sadələşdirilmiş ekspertizasının aparılması Qaydası”nın 1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə dərman vasitələrinin ekspertizası Qurum tərəfindən ödənişsiz qaydada həyata keçirilir. Yəni vətəndaşlar dərman vasitəsinin keyfiyyəti və ya mənşəyi barəsində hər hansı şübhə yarandıqda nəzarətedici qurum olan Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Vətəndaş Mərkəzin “Bir pəncərə” xidmətinə dərman vasitəsini və qəbzi təqdim edərək dərman vasitəsinin ekspertizasının həyata keçirilməsini tələb edə bilər. Dərman vasitəsinin araşdırılması zamanı əvvəlcə dərman vasitəsinin dövlət qeydiyyatının olub-olmadığı müəyyən edilir. Daha sonra dərmn vasitəsinin laborator müayinəsi həyata keçirilir. Araşdırma yekunlaşdıqdan sonra “Vətəndaş müraciətləri haqqında” ARQ-nin tələbinə əsasən vətəndaşa yazılı formada məlumat verilir. Əgər dərman vasitəsinin dövlət qeydiyyatı mövcud deyilsə, vətəndaş bu barədə məlumatlandırılır.