SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Qızılca

- 40 yaşdan yuxarı şəxs qızılca əleyhinə peyvənd ala bilərmi?

- Bəli, heç vaxt qızılca xəstəliyi keçirməyən və ya qızlcaya qarşı vaksinasiya olunmayan 40 yaşdan yuxarı şəxslər qızılca əleyhinə peyvənd oluna bilər, lakin yoluxma hallarının təhlili hazırda belə şəxslərin yoluxma ehtimalının aşağı olduğunu göstərir.

-Qızılca nədir?

- Qızılca insanlar arasında yayılan çox yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Bu, o deməkdir ki, qızılcaya yoluxmuş insanla təmasda olan spesifik immuniteti olmayan 10 nəfərdən 9-u yoluxmaya məruz qala bilər.

İnfeksiya mənbəyi yalnız xəstə insandır.

- Qızılca xəstəliyinə kimlər yoluxa bilər?

- Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd almayan istənilən şəxs bu xəstəliyə yoluxa bilər.

 

- Qızılca xəstəliyinin simptomları hansılardır?

- Xəstəliyin ilk simptomları halsızlıq, öskürək, hərarətin yüksəlməsi, konyunktivit (“qırmızı gözlər” simptomu) və zökəmdən ibarətdir. İlk simptomların başlanmasından sonra 2-4 gün ərzində üz və boyun nahiyəsindən başlayan və yuxarıdan aşağı bütün bədənə yayılan qızılca xəstəliyinə məxsus makulopapulyoz (vezikulyar deyil) səpgilər meydana çıxır. Bu səpgilər digər səpgilərdən fərqli olaraq, dəri səthindən yüksəlmir və daxilində maye olmur.

Bu səpgilərdən əvvəl və ya eyni zamanda ağız boşluğunun selikli qişasında Koplik ləkələri (ağımtıl ləkələr) müşahidə olunur. Bu ləkələr qızılcanın spesifik simptomu sayılır.

- Qızılca xəstəliyindən necə qorunmaq olar?

- Qızılca xəstəliyindən ən effektiv və təhlükəsiz qorunma üsulu vaksinasiyadır. “Profilaktik Peyvəndlər Təqvimi”nə əsasən bütün uşaqlar 1 və 6 yaşlarında olmaqla 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiya olunmalıdırlar.

Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar.

- Qızılca xəstəliyi necə ötürülür?

- Xəstəlik insandan insana hava-damcı yolu ilə ötürülür. Qızılcaya yoluxmuş xəstənin asqırma, öskürmə və tənəffüs zamanı ifraz etdiyi damcılarla ətrafa yayılan virus qapalı məkanda və səthlərdə 2 saata qədər aktivliyini saxlayır. Ətraf mühit amillərinin təsiri altında 2 saatdan sonra məhv olur.

Qızılcaya yoluxmuş insanla təmasda olan spesifik immuniteti olmayan 10 nəfərdən 9-u yoluxmaya məruz qala bilər.

- Qızılca xəstəliyinin ağırlaşmalarına nələr aiddir?

- Qızılca ilə əlaqəli pnevmoniya, inağ, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və/və ya həzm sisteminə təsir edir. Bununla yanaşı, qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər də inkişaf edə bilər.

Körpələrdə, azyaşlı uşaqlarda, hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda qızılca xəstəliyi ilə bağlı ağırlaşmalar daha çox müşahidə olunur.

 

- Qızılcaya qarşı hansı istehsalçının vaksinləri daha təhlükəsiz və effektivdir?

- Qızılcaya qarşı istehsal olunan vaksinlərin hamısı sağlamlığa təsiri və immunitetin yaranması baxımından eyni dərəcədə effektiv və təhlükəsizdir. Belə ki, vaksinlərin istehsalından sonra onlar kliniki sınaqlardan keçirilir və daha sonra istifadəyə verilir.

Azərbaycanda istifadə edilən QPM vaksini Ümumdünya Səhiyyə Təşkilatının prekvalifikasiyasını keçmiş və təhlükəsizlik, o cümələdən keyfiyyət baxımından beynəlxalq standartlara cavab verir.

- Qızılca xəstəliyinin müalicəsi necə aparılmalıdır?

- Qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır. Qızılca virusunun spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur.

Lakin risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə ikincili bakterial infeksiya inkişaf edə bilər ki, bu da ağırlaşmalara səbəb ola bilər. Bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur. 

 

 

QPM peyvəndi nədir?

QPM peyvəndi uşaqlarımızı qızılca, parotit və məxmərəyə (QPM) qarşı qoruyur. Bu xəstəliklər ağır fəsadlar doğura, hətta ölümlə nəticələnə bilər. Məhz buna görə də, bu xəstəliklərə qarşı immunlaşdırma uşaqlarımızın sağlam və qorunaraq böyüməsinə kömək etməyimiz üçün olduqca vacibdir.

QPM peyvəndi 1970-ci illərdən istifadə olunur və dünyada 500 milyondan artıq uşağa təhlükəsiz şəkildə verilmişdir. O, üç xəstəliyə qarşı müdafiəni bir iynədə birləşdirir. Deməli, uşaqlarımıza daha az iynə lazımdır! Daha az iynə vurulması həm də uşaqlarımızın daha az ağrı hiss etməsi, bizim üçün isə daha az stress deməkdir.

QPM peyvəndi iki dozada verilir. 1-ci doza uşağımızın ilk ad gününə yaxın bir dövrdə (12-15-ci aylarda) verilir, 2-ci doza isə uşağımız 5-6 yaşa çatdıqda verilir.

Yadda saxlamağınızı xahiş edirik ki, uşaqlarımızı peyvənd etməyəndə onları iztirab, xəstəxanaya düşmə və hətta ölümlə nəticələnə biləcək təhlükəli xəstəliklər riski ilə üz-üzə qoyuruq.

 

Uşağım artıq qızılca, parotit və ya məxmərək keçiribsə, yenə də peyvənd edilməsinə ehtiyac varmı?

Uşaqlarımız keçmişdə bu xəstəliklərdən birini keçirmiş olsa belə, yenə də bu xəstəliklərə qarşı onları peyvənd etməliyik.

QPM peyvəndi bir inyeksiya vasitəsilə uşağımızı 3 xəstəlikdən qoruyur: qızılca, parotit və məxmərək. Uşağımızın daha əvvəl bir xəstəliyə yoluxmuş olması onu hər 3 xəstəlikdən qoruya bilməz.

Yadda saxlayın: bəzi xəstəliklər, o cümlədən qızılca çox zərərli ola bilər və uşağımızın immun sistemini digər infeksiyalara qarşı zəiflədə bilər. Buna görə də, uşağımız hətta xəstəlik keçirdikdən sonra belə, onun bədəninin müdafiəsini gücləndirmək olduqca vacibdir.

Peyvəndlər qoruyucu funksiya daşıyır və uşaqlarımızın sağlamlığı üçün ən təhlükəsiz seçimdir. Biz uşaqlarımızın inkişafına kömək etmək üçün onları doğru vaxtda doğru peyvəndlərlə immunlaşdırmalıyıq!

QPM peyvəndi autizmə səbəb olurmu?

Xeyr. Çoxsaylı tədqiqatlar göstərir ki, QPM (qızılca-parotit-məxmərək) peyvəndi və digər peyvəndlər autizmə səbəb olmur. QPM peyvəndi ilə autizm arasındakı əlaqə internetdə dolaşmağa davam edən bir mifdir və çoxsaylı tədqiqatlar bunun tamamilə yanlış olduğunu göstərib.

QPM peyvəndi təhlükəsizdir və uşaqlarımızı qızılca, parotit və məxmərəkdən qoruyur. Uşaqlarımızı QPM peyvəndi ilə immunlaşdırmasaq, onları 3 zərərli və hətta həyat üçün təhlükəli infeksiyalara yoluxma riski ilə üz-üzə qoyuruq. Məsələn, qızılca qulaq infeksiyalarına, pnevmoniyaya (ağciyərlərin iltihabı), ensefalitə (beyin iltihabı) və bəzi hallarda hətta ölümə səbəb ola bilər.

Miflərin övladınızı qorumağınıza mane olmasına imkan verməyin. Uşağınızı milli peyvənd təqviminə uyğun olaraq doğru vaxtda doğru peyvəndlərlə immunlaşdırdığınızdan əmin olun. Bu, uşağınızın sağlam və qorunaraq böyüməsinə kömək edəcək!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.