SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Respirator viruslar

- Ev şəraitində respirator viruslardan qorunmaq üçün nələrə diqqət edilməlidir?

- Ev şəraitində respirator virus infeksiyalarından özünüzü və yaxınlarınızı qorumaq üçün bu virusa yoluxmuş şəxsin ailə üzvlərinin olduğu məkandan vaxtında təcrid etmək vacibdir. Həmçinin, otaqların tez-tez havalandırılması və xəstə ilə, ələxsus uşaqların, hamilə qadınların, yaşlı və ağır xroniki xəstəlikləti olanların təmaslarının tamamilə istisna edilməsi, xəstənin toxunduğu səthlərin mütəmadi antiseptiklərlə zərərsizləşdirilməsi tövsiyə olunur. Eyni zamanda, xəstəliyin ağır gedişli hallarında və fəsadlaşmalar baş verdikdə, geçikmədən həkimə müraciət edilməsi zəruridir.

-Hansı əlamətləri insanlar özlərində hiss etdikləri zaman həkimə müraciət etməlidirlər?

- Qrip istisna olmaqla, bu tip kəskin respirator virus infeksiyalarının əksəriyyəti yüngül keçir, fəsadlaşmır, tezliklə hərarət normallaşır, baş və əzələ ağrıları, ümumi zəiflik kimi intoksikasiya əlamətləri səngiyir, iştah yaxşılaşır, boğaz ağrıları və öskürək keçib gedir və xəstəlik qısa vaxt ərzində sağalma ilə nəticələnir. Lakin xəstəliyin, xüsusən də qeyd olunan risk qruplarında ağır keçməsi, fəsadlaşması, arzuolunmaz nəticələrə səbəb olması mümkündür.

Bunları nəzərə alaraq, yüksək temperatur 5-7 gündən çox davam etdikdə, hərarətsalıcı dərmanlara tabe olmadıqda kəskin zəiflik, halsızlıq, təngnəfəslik, boğulma halları müşahidə edildikdə, habelə oksigen saturasiyasının aşağı düşməsi, arterial təzyiqin enməsi, döş qəfəsində darlıq hissinin, ağrıların olması, müxtəlif nahiyələrdə qansızmalar və qanaxmalar, huşun pozulması əlamətləri, ürək ritminin pozulması, qusma ilə müşayət olunan güclü baş ağrıları, nevroloji defisit və s. rast gəldikdə təcili olaraq həkimə müraciət olunmalıdır. Bu əlamətlər xəstəliyin ağır gedişini və müxtəlif ağırlaşmaların inkişaf etdiyini göstərir. Risk qruplarına daxil olan şəxslər isə qeyd edildiyi kimi baş verə biləcək hansısa bir ağırlaşmanın vaxtında aşkar olunması və müalicəsi məqsədilə xəstəliyin ilk günündən etibarən ciddi həkim nəzarəti altında olmalıdırlar.

Hər birimiz qeyd olunan tövsiyələrə əməl etməklə özümüzü və yaxınlarımızı bu xəstəliklərdən, onların əlverişsiz gedişatından sığortalaya bilərik.

- Hansı yaş qrupunda qripə yoluxma hallarına daha çox rast gəlinir?

- Qrip elə bir xəstəlikdir ki, bütün yaş qruplarında rast gəlinir və ona yoluxmaq səviyyəsi insanın həyat tərzindən asılıdır. Təmasların sayı çox olarsa, yoluxma ehtimalı da yüksək olur. Yoluxmanın risk qrupuna uşaqlar və qocalar, hamilə qadınlar, tibb işçiləri, məktəbəqədər və tədris müəssisələrində xidmət göstərən heyət, həmçinin daxili orqanların xroniki xəstəlikləri və yaşından asılı olmayaraq immun çatışmazlığı olan şəxslər daxildir. Səhiyyə, təhsil, ictimai nəqliyyat və ictimai xidmət işçilərinin də yoluxma riski yüksəkdir.

- Ağır keçən və müalicə olunmayan qripin hansı fəsadları ola bilər?

- Ümumiyyətlə, qripin fəsadları iki qrupa bölünür. Birinci qrupa aid fəsadlar bilavasitə qripin gedişi ilə əlaqədar olur. Buraya ağciyərlərin hemorragik ödemi, meningit, meningoensefalit, toksik şok aiddir. İkinci qrup ağırlaşmalar isə xəstəliyin sonrakı 4-5-ci günündə meydana çıxır və adətən bakterial infeksiyanın qoşulması ilə əlaqədar olur.
Ən təhlükəli və tez-tez baş verən ağırlaşma pnevmoniyadır. Pnevmoniya həm ilkin olaraq virus mənşəli ola bilər, həm də yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra da ikincili olaraq inkişaf edə bilər. İkincili pnevmoniyaya ən çox səbəb olan bakterial infeksiyalardır (pnevmokok və stafilokok). Belə pnevmoniya xəstəliyin birinci həftəsinin sonunda - ikinci həftənin əvvəlində inkişaf edir.
Qripin digər təhlükəli ağırlaşması kəskin respirator distress sindromudur. Bu ağırlaşmanın fonunda ciddi tənəffüs çatışmazlığı yaranır. Həmçinin qripin ağırlaşmaları otit, sinusit, qlomerulonefrit, irinli meningit və sepsis kimi ciddi fəsadlara səbəb ola bilər.

- Hamilə qadın qripə yoluxarsa, ilk olaraq nə etməlidir?

- Hamiləlik dövründə immun, tənəffüs və ürək-damar sistemləri əvvəlkindən fərqli işləməyə başlayır. Buna görə də bu zaman qripə yoluxma müəyyən qədər fəsadlı məsələdir. Ən çox rast gəlinən təsirlər vaxtından əvvəl doğuşların olması, çəkisi az olan körpənin doğulmasıdır. Bu, ananın hamiləliyin hansı dövründə qripə yoluxmasından asılıdır. Əgər virusa yoluxma hamiləliyin erkən dövründə, yəni birinci trimestrdə olarsa, müxtəlif anomaliyalar inkişaf edə bilər. Nadir də olsa bu hallar qeydə alınır. Hamilə qadınlar həmin riski nəzərə almalı, qrip mövsümünün aktiv olduğu vaxtlarda insanların çox olduğu yerlərdən uzaq olmalıdırlar. Əks halda arzuolunmaz hallara gətirib çıxara bilər. Bu hal xüsusilə ağır qriplərdə rast gəlinir.

- Xəstəlikdən qorunmaq üçün hansı qidalara üstünlük verilməlidir?

- Payız-qış mövsümündə orqanizmin immuniteti müəyyən qədər aşağı düşür. Bu vaxtlarda xüsusən sağlam qidalar qəbul edilməli, gündəlik rasionda daha çox təzə meyvə-tərəvəz olmalıdır. Bunlar mümkün olmazsa, balanslaşdırılmış polivitamin həblərindən istifadə etmək olar.

- Qripdən qorunmaq üçün insanlar daha çox nəyə diqqət etməlidilər?

- Qripdən, hava-damcı ilə yayılan digər kəskin respirator virus infeksiyalarından qorunma yolları eynidir. Yəni, əllərin tez-tez yuyulması və digər respirator gigiyena qaydalarına əməl etmək, qrip simptomları olan şübhəli şəxsləri təcrid etmək, xəstələrlə sıx təmasdan çəkinmək, sosial məsəfəni gözləmək, insanların kütləvi toplaşdığı məkanlarda olmamağı, çirkli əllərlə gözlərə, buruna və ya ağıza toxunmamaq tövsiyə edilir.

- Yanaşı xəstəlikləri olan şəxslər özlərini virusdan necə qoruya bilər?

- Məlumdur ki, koronavirus infeksiyası ağırlığına görə müxtəlif formalarda keçə bilər: asimptomatikdən çox ağır dərəcəyə qədər irəliləyə bilər. Sübut olunub ki, xroniki xəstəliklərdən əziyyət çəkənlər və yaşı 65-dən yuxarı olan şəxslər üçün koronavirus infeksiyası daha təhlükəlidir.
Ümumiyyətlə, bütün xroniki xəstəlikləri olanlar üçün koronavirus infeksiyası təhlükəlidir. Ona görə də bu qrupda olanlar səhhətlərinə qarşı xüsusi diqqətli olmalı və daha ciddi profilaktik tədbirlər görməlidirlər. Belə ki, yanaşı xəstəlikləri, yaşı 65-dən yuxarı risk qrupuna daxil olanların səhhətində hər hansı şübhəli bir hal baş verərsə mütləq həkimlə əlaqə saxlamaları vacibdir.

- Vətəndaşlar virusa yoluxmamaq üçün hansı qaydalara əməl etməlidilər?

- Sınaqdan keçirilmiş virusdan qorunma yolları dəyişməz olaraq qalır. İlk növbədə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskalardan düzgün istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakı minimuma endirmək, sosial məsafəni (ən azı 1.5 metr) gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir.

- İmmun sistemi niyə zəifləyir?

- Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır. Soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız, qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır. Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun sistemin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən daha az istifadə etmələridir. 

Xəstəlikdən qorunmaq üçün gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.

- Qripə qarşı peyvəndlər ildə neçə dəfə vurulmalıdır?

- Qripə qarşı peyvəndlərin ildə bir dəfə vurulması məsləhətdir. Qrip virusu daha tez mutasiyaya məruz qalır. Ona görə də ildə bir dəfə peyvəndlərin vurulması məsləhətdir. Çünki bu peyvəndlərin davamlılığı o qədər də çox deyil.

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.