Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Qanvermə və hemotransfuziya müasir tibbin ən vacib istiqamətlərindən biridir. Hər gün minlərlə insanın həyatını xilas edən bu proseslər həm yüksək peşəkarlıq, həm də düzgün təşkil olunmuş sistem tələb edir. Qan komponentlərinin düzgün seçilməsi, donorluğun təhlükəsiz təşkili və cəmiyyətdə doğru məlumatlandırmanın aparılması bu sahənin əsas sütunlarını təşkil edir. Mövzu ilə bağlı suallarımızı Səhiyyə Nazirliyi Respublika Qan Bankının anestezioloq-reanimatoloqu Gülarə Bədəlova cavablandırır.

– Qan komponentlərinin düzgün seçilməsi və istifadə olunması həyat qurtarmaqda necə rol oynayır?

– Qan komponentlərinə eritrosit kütləsi, trombosit, leykosit və plazma aiddir. Ən çox istifadə olunan komponent eritrosit kütləsidir. Bu komponent hemoqlobinin kritik azalması, massiv qan itkisi, kəskin və xroniki anemiyalarda istifadə olunur. Eritrosit transfuziyası toxumalara oksigen daşınmasını bərpa etmək məqsədi daşıyır.
Trombosit konsentratı aktiv qanaxma və yüksək qanama riski olan xəstələrdə, trombositopeniyalarda tətbiq olunur. Onkohemotoloji xəstələrdə və kimyaterapiyadan sonra trombosit transfuziyası daha önəmlidir.
Təzə dondurulmuş plazma laxtalanma faktorlarının çatışmazlığında, qaraciyər çatışmazlığında istifadə olunur.
Hər bir qan komponentinin köçürülməsi klinik və laborator göstəricilərə əsaslanır. Qan komponentlərinin düzgün istifadəsi və seçilməsi həyat qurtarmaqda həlledici rol oynayır. Qan komponentlərinin göstərişə uyğun olaraq düzgün təyini transfuziya fəsadlarının riskini azaldır. Düzgün istifadə çoxorqan çatışmazlığının inkişaf riskini minimuma endirir.

– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək və yan təsirləri minimuma endirmək üçün hansı profilaktik tədbirlər görülür?

– Qan donorluğu zamanı təhlükəsizliyi təmin etmək üçün bir sıra profilaktik tədbirlər həyata keçirilir. Qanvermədən əvvəl donor sorğu vərəqəsinin suallarını cavablandırır. Sonra tibbi müayinədən keçirilir. Hemodinamik göstəricilər - arterial təzyiq, nəbz, bədən temperaturu, çəki, boy, hemoqlobin səviyyəsi yoxlanılır. Sağlamlıq vəziyyəti və əks göstərişləri qiymətləndirilir. Qan donoru sağlam və uyğun şəxslər ola bilər. Qanvermə prosesi tam steril şəraitdə aparılır. Yalnız birdəfəlik və steril alətlərdən istifadə olunur. Qan verən zaman donorun vəziyyəti daim müşahidə edilir. Hansısa yan təsir nəzərə çarpanda dərhal müdaxilə edilir. Qanvermədən sonra donor müəyyən müddət nəzarət altında saxlanılır. Donora bol maye qəbulu və istirahət tövsiyə olunur. Qan nümunələri infeksion markerlərə görə laborator yoxlamadan keçirilir. Bu tədbirlər donorun və resipiyentin sağlamlığının qorunmasına və prosesin təhlükəsiz aparılmasına xidmət edir.


– Qanvermə ilə bağlı ən çox yayılan miflər hansılardır?

– Qanvermə ilə bağlı cəmiyyətdə ən çox yayılan miflər insanların donor olmağa tərəddüd etməsinə səbəb olur. Bu miflərin əksəriyyəti elmi əsaslara söykənmir və düzgün məlumatlandırma ilə asanlıqla aradan qaldırıla bilər. Ən geniş yayılmış miflərdən biri qanvermənin sağlamlığa zərər vurması fikridir. Əslində isə sağlam insan üçün qanvermə təhlükəsizdir və orqanizm itirilən qan həcmini qısa müddətdə bərpa edir. Donor yalnız tibbi müayinədən keçdikdən sonra qan verir və bu, risklərin qarşısını alır.
Digər geniş yayılmış mif qanvermə zamanı infeksiyaya yoluxma qorxusudur. Müasir qan xidmətində bütün alətlər birdəfəlik və sterildir. Bu səbəbdən qanvermə zamanı hansısa yoluxucu xəstəliyin keçməsi mümkün deyil. Bu mif daha çox köhnə və yanlış təsəvvürlərdən qaynaqlanır.
Bəzi insanlar düşünürlər ki, qan verən şəxs uzun müddət zəif və halsız olur. Reallıqda isə düzgün qidalanma və kifayət qədər maye qəbulu ilə donorlar tez bir zamanda özlərini normal hiss edirlər. Qan verdikdən sonra tövsiyələrə əməl edildikdə gündəlik həyata qayıtmaq asan olur.
Başqa bir mif qanvermənin asılılıq yaratması ilə bağlıdır. Yəni guya bir dəfə qan verən insan daim qan verməyə məcbur qalır. Bu fikir tamamilə yanlışdır. Qanvermə könüllü prosesdir və orqanizmdə hansısa asılılıq yaratmır.
Həmçinin belə bir yanlış fikir də var ki, qadınlar və ya zəif bədən quruluşlu insanlar qan verə bilməzlər. Əslində isə əsas meyar cins və bədən quruluşu deyil, ümumi sağlamlıq vəziyyətidir. Bu miflərin aradan qaldırılması qanvermə mədəniyyətinin inkişafına və daha çox insanın bu xeyirxah addıma qoşulmasına töhfə verir.
Ən çox rast gəlinən yanlış inanclardan biri də qanvermə prosesinin gigiyenik baxımdan riskli olması ilə bağlıdır. Bəzi insanlar hesab edirlər ki, bu zaman orqanizmə infeksiya keçmə ehtimalı var. Halbuki, qan xidmətində infeksiyadan müdafiə şərtlərinə ciddi şəkildə əməl edilir, bütün prosedurlar beynəlxalq standartlara uyğun aparılır və istifadə olunan tibbi vasitələr yalnız bir dəfə tətbiq edilir. Bu səbəbdən qanvermə infeksiya mənbəyi deyil və bu düşüncə elmi əsaslara deyil, köhnə qorxulara söykənir.

– Qan verməkdə tərəddüd edən insanlara nə tövsiyə edərdiniz?

– Qan verməkdə tərəddüd edən insanlar üçün əsas tövsiyə ilk növbədə düzgün və etibarlı məlumatlara əsaslanaraq qərar vermələridir. Qanvermə prosesi tibbi baxımdan təhlükəsizdir və müasir standartlara uyğun şəkildə həyata keçirilir. Donor olmamışdan əvvəl hər bir şəxs həkim müayinəsindən keçirilir, hemoqlobin səviyyəsi, arterial təzyiq və ümumi sağlamlıq vəziyyəti qiymətləndirilir. Bu da həm donorun, həm də resipiyentin təhlükəsizliyini təmin edir.
Unutmaq olmaz ki, bir nəfərin verdiyi qan bir neçə xəstənin həyatını xilas edə bilər. Qanvermə yalnız humanitar addım deyil, həm də cəmiyyət qarşısında sosial məsuliyyət nümunəsidir. Əgər tərəddüdünüz varsa, Səhiyyə Nazirliyi Respublika Qan Bankının həkimləri ilə açıq şəkildə məsləhətləşin, suallarınızı verin və proseslə yaxından tanış olun. Məlumatlılıq qanverməyə olan qorxunu azaldır və bu xeyirxah addımı atmağı asanlaşdırır.

– Könüllü və mütəmadi qanvermə praktikasının ölkənin qan təhlükəsizliyi üçün rolu nədən ibarətdir?

– Könüllü və mütəmadi qanvermə praktikası müasir transfuzologiyada qan təhlükəsizliyinin təmin olunmasının elmi cəhətdən sübut olunmuş ən effektiv modelidir. Beynəlxalq tədqiqatlar göstərir ki, könüllü və əvəzsiz donorlar arasında transfuzion yolla keçən infeksiyaların yayılma riski təsadüfi və ya məcburi donorlarla müqayisədə xeyli aşağıdır. Bunun əsas səbəbi bu donorların sağlam həyat tərzinə daha çox diqqət yetirməsi və riskli davranışlardan uzaq olmasıdır.
Mütəmadi qan verən şəxslər hər dəfə klinik baxışdan və laborator müayinələrdən keçdiyinə görə onların sağlamlıq göstəriciləri davamlı şəkildə qiymətləndirilir. Bu proses həm donorun sağlamlığının qorunmasına, həm də qan banklarına daxil olan qan komponentlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Elmi əsaslara görə, stabil donor bazası olan ölkələrdə qan ehtiyatlarının təhlükəsizliyi və davamlılığı daha yüksək səviyyədə təmin olunur.
Könüllü və mütəmadi qanvermə fövqəladə hallarda, böyük cərrahi əməliyyatlarda, ağır travmalarda, doğuş və onkoloji xəstəliklərin müalicəsində fasiləsiz qan təminatını mümkün edir. Planlı və davamlı qan ehtiyatı səhiyyə sisteminin operativliyini artırır və ölüm hallarının azalmasına birbaşa təsir göstərir.
Eyni zamanda, bu praktika Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq ölkənin milli qan təhlükəsizliyi strategiyasının əsas istiqamətlərindən biri hesab olunur. Nəticə etibarilə, könüllü və mütəmadi qanvermə yalnız humanist bir addım deyil, elmi əsaslara söykənən, həyat xilas edən və cəmiyyətin sağlamlığını qoruyan fundamental bir səhiyyə mexanizmidir.

Son yenilənmə tarixi : 2026-07-20 10:59
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.