Azərbaycan Səhiyyə Nazirliyində İsrailin tibb məhsullarının istehsalı üzrə aparıcı şirkətlərindən biri olan “BioPharmax” şirkətinin rəhbər heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev səhiyyə və tibb elmi sahəsində Azərbaycan-İsrail əməkdaşlığının səmərəli olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ölkələrimiz virusologiya, mikrobiologiya və səhiyyənin digər yüksək texnologiyalı sahələrində uğurla əməkdaşlıq edir.
Ölkələrimiz arasında əczaçılıq sahəsində də əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Teymur Musayev İsraildə əczaçılıqda güclü sənaye potensialının mövcudluğunu, elmi-tədqiqat bazasının inkişaf etdirildiyini, dərman vasitələrinin istehsalı sahəsində innovasiyaların geniş tətbiq olunduğunu diqqətə çatdırdı.
Sonda Azərbaycanın səhiyyə naziri əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini qeyd etdi.
Səmimi qarşılanmaya görə minnətdarlığını bildirən “Biopharmax” şirkətinin vitse-prezidenti Yossi Tzabari təmsil etdiyi şirkətin səhiyyənin rəqəmsal transformasiyası və digər sahələrdə Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu vurğuladı.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu. Həmçinin, “BioPharmax” şirkətinin istehsal etdiyi yüksək texnoloji avadanlıqlarının Azərbaycan səhiyyəsində tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.