Mayın 16-da Səhiyyə Nazirliyində Dünya Bankının Avropa və Mərkəzi Asiya regionun Səhiyyə, qidalanma və əhali üzrə nümayəndə heyəti ilə görüş keçirilib.
Qonaqları salamlayan səhiyyə nazirinin müavini Nadir Zeynalov Azərbaycanın Dünya Bankı ilə əlaqələrə hər zaman önəm verdiyini vurğulayıb. Ötən il Səhiyyə Nazirliyi tərəfindən elektron sənəd dövriyyəsinə keçid, səhiyyə sistemində rəqəmsal və innovativ texnologiyalardan istifadə istiqamətlərində mühüm addımlar atıldığını qeyd edən nazir müavini bildirib ki, rəqəmsal texnologiyalardan istifadə səhiyyə sistemində aparılan islahatların əsasını təşkil edir.
Öz növbəsində nümayəndə heyətinin üzvləri Dünya Bankı ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildiriblər.
Görüş zamanı Azərbaycanda rəqəmsal səhiyyənin inkişafı ilə bağlı geniş müzakirələr aparılıb.