Azərbaycan Respublikasının Rəsmi Dövlət Platforması

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur.

Güvənilir vebsaytların siyahısı

Təhlükəsiz veb saytlar HTTPS-dən istifadə edir.

Əlavə ehtiyat tədbiri kimi URL çubuğunda kilid və ya https:// mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi, təhlükəsiz saytlarda paylaşın.

SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva dünya elminə misilsiz töhfələr bəxş etmiş şəxsiyyətlərdən biridir

Bu gün böyük alimin anadan olmasının 103-cü ildönümü qeyd olunur. Azərbaycan oftalmologiya elminin parlaq simalarından biri, Milli Elmlər Akademiyasının bu sahədə ilk qadın akademiki, yüksək insani keyfiyyətlərə malik ziyalı və qayğıkeş insan olan Zərifə xanım Əliyevanın həyat yolu və fəaliyyəti dərin ehtiramla yad edilir.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində dünyaya gəlib. Onun formalaşmasında atasının həyat yolu və fəaliyyəti mühüm rol oynayıb və əsl həyat məktəbi olub.

O, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin sadiq ömür-gün yoldaşı, yaxın dostu və etibarlı silahdaşı idi. Zərifə xanım həyat yoldaşına daim mənəvi dayaq olmuş, onun fəaliyyətində mühüm dəstək rolunu oynayıb.

Akademik Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil edir. O, Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. 1949-cu ildən etibarən Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayaraq ömrünü oftalmologiya sahəsinə həsr edib.
XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış göz xəstəlikləri, xüsusilə traxoma ciddi problem idi. Bu xəstəliyin aradan qaldırılması və digər göz patologiyalarının öyrənilməsi dövrün əsas vəzifələrindən sayılırdı. Gənc tədqiqatçı kimi Zərifə xanım öz elmi istiqamətini məhz bu problem üzərində qurdu. O, bölgələrə səfərlər edir, xəstəlik ocaqlarını müəyyənləşdirir, həkimlər üçün mühazirələr təşkil edir və əhali arasında maarifləndirici iş aparırdı.

Onun apardığı araşdırmalar nəticəsində traxomanın erkən mərhələlərində sintomisinin tətbiqi ilə yüksək nəticələr əldə olundu. Bu tədqiqatların yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Təklif etdiyi müalicə üsulu ölkədə geniş tətbiq olunaraq traxomanın aradan qaldırılmasına böyük təsir göstərdi.
Zərifə Əliyevanın elmi maraq dairəsi olduqca geniş idi. O, diaqnostika məsələlərinə, qlaukomanın və iltihabi göz xəstəliklərinin müalicəsinə xüsusi diqqət yetirirdi. Bununla yanaşı, o dövr üçün az öyrənilmiş sahə olan görmə orqanının peşə patologiyasını dərindən tədqiq edərək bu istiqamətdə fundamental əsaslar yaratdı. Kimya və sənaye sahələrinin inkişafı ilə əlaqədar olaraq müxtəlif maddələrin gözə təsirinin öyrənilməsi zəruri idi və Zərifə xanım bu sahənin öncüllərindən oldu.

Onun təşəbbüsü ilə görmə orqanının peşə patologiyasını araşdıran xüsusi elmi laboratoriya yaradıldı və beləliklə, yeni bir istiqamətin – peşə oftalmologiyasının əsası qoyuldu. Bu sahədə əldə etdiyi nəticələri ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazdı və 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsini aldı.
Alimin sənaye müəssisələrində apardığı genişmiqyaslı tədqiqatlar onun bir sıra mühüm monoqrafiyalarında öz əksini tapıb. “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliklərinin profilaktikası” kimi əsərləri bu sahədə mühüm elmi mənbələr hesab olunur. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülərək bu mükafatı alan ilk qadın alim oldu.

1983-cü ildə Zərifə Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. O, həmçinin oftalmologiyanın müxtəlif sahələrini əhatə edən çoxsaylı dərslik və monoqrafiyaların müəllifidir. “Kəskin virus konyunktivitləri”, “Keratitlər və digər göz xəstəlikləri”, “Qlaukoma və göz hipertenziyası”, “Görmə orqanının zədələnmələri”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi” və digər əsərləri bu gün də öz aktuallığını qoruyur.
Alim eyni zamanda göz yaşı yollarının fiziologiyası və cərrahi müalicəsi ilə bağlı dəyərli tədqiqatlar aparmış, bu sahədə mühüm elmi nəticələr əldə etmişdir. O, iridodiaqnostika və iridoterapiya sahələrində də araşdırmalar apararaq bu mövzuda ilk fundamental əsərləri yazan alimlərdən biri olmuşdur.

150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın və çoxsaylı tədris vəsaitlərinin müəllifi olan Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini beynəlxalq səviyyədə tanıtmışdır. Onun zəngin elmi irsi bu gün də araşdırılır, öyrənilir və yeni nəsil alimlər üçün dəyərli mənbə rolunu oynayır.

Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi tanınırdı. O, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyətinin və Oftalmoloqlar Elmi Cəmiyyətinin rəhbər orqanlarında təmsil olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Onun qazandığı çoxsaylı elmi titullar və mükafatlar böyük qürur mənbəyidir. Lakin bütün bu nailiyyətlər arasında ən ali və şərəfli ad ana adıdır. Zərifə xanım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anasıdır və övladlarına göstərdiyi sevgi və qayğı ilə də seçilmişdir.

Zərifə Əliyeva ömrü boyu insanlara nur bəxş edən, həm elmi fəaliyyəti, həm də mənəvi dəyərləri ilə nümunə olan şəxsiyyət kimi yadda qalıb. Bu gün onun adı çəkiləndə göz önündə yüksək mənəviyyata malik, işıqlı və müdrik Azərbaycan qadını obrazı canlanır.

Son yenilənmə tarixi : 2026-04-27 23:39
Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.