SAĞLAM HƏYATIN RİTMİNİ SAĞLAM RADİO İLƏ TUT!

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Tofiq Musayev: “Tütündən imtina etmək istəyənlərə dəstək məqsədilə nazirliyin “Qaynar xətt”i və “Tütündən imtina et” mobil əlavəsi istifadəyə verilib”

- Dünya ictimaiyyətin diqqətini tütünlə bağlı aktual məsələlərə cəlb edən tədbirlər sırasında Ümumdünya Tütünsüz Günü xüsusi yer alıb. Tütünün ətraf mühitə təsirini nəzərə alaraq, nəyə diqqət yetirmək lazımdır?

- Ümumdünya Tütünsüz Gününün qeyd olunması 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında təsdiq edilib. Ümumdünya Tütünsüz Günü hər il 31 may tarixində qeyd olunur və tütündən istifadənin təhlükələrindən, gələcək nəsillərin qorunması və sağlam həyat hüquqlarının tələb olunması məqsədilə ölkələrin fəaliyyətindən xəbər verir. Gənc nəsli tütün tüstüsünün təhlükəli təsirindən qorumaq isə başlıca vəzifələrdən biridir. Nəhayət, yanan siqaret dünyada il ərzində baş verən təxminən 1 milyon yanğına səbəb olur.

- Ayrı-ayrı tütün məmulatlarının, o cümlədən elektron siqaret və bu kimi yeni məhsulların istifadəsi nəticəsində sağlamlıq üçün yaranan zərərlər barədə nə demək olar?

- Yandırılan siqaret ətrafa yayılan tüstü mənbəyidir. Siqaret çəkənlər və tütün tüstüsü ilə nəfəs alanlar eyni dərəcədə təhlükəyə məruz qalırlar. Tütün tüstüsü ağciyər xərçənginin əmələ gəlməsinin əsas risk amillərindəndir və ürək-damar xəstəliklərinin inkişafına səbəb olur. Az siqaret çəkmək o demək deyil ki, sağlamlığa zərər dəymir. Sübut edilib ki, tütün tüstüsünün tərkibində 7000-dək kimyəvi maddə mövcuddur. Bunlardan 250-si xüsusi təhlükəli zəhərli maddədir.
Digər tərəfdən, elektron siqaret və qızdırılma nəticəsində istehlak edilən (buxarla) tütün məhsulları təşviq edilir və daha təhlükəsiz və tütünçəkmədən imtina vasitələri kimi qələmə verilir. Lakin, tədqiqatlar bu növ məhsulların təhlükəli olduğunu və sağlamlığa ciddi zərər yetirdiyi halların artmasını qeydə alır. Hazırkı tendensiyalar göstərir ki, hətta heç vaxt çəkməyənlər belə, aldadıcı məhsulların istifadəsinə başlayır və sonra asanlıqla siqaret və digər tütün məmulatlarına keçir. Beləliklə, müxtəlif tütünçəkmə üsullarından istifadə edir.
Başqa bir təhlükə mənbəyi isə bir neçə nəfərin eyni tütün və elektron məmulatlarından birgə, yəni paylaşaraq istifadəsidir. Belə hallarda, infeksion xəstəliklərinin yoluxan şəxsdən digərlərinə ötürülməsi ehtimalı yüksəkdir.

- İnsanlar tütün məhsullarının zərərləri haqqında yetəri qədər məlumatlıdırmı?

- Əhalinin tütünə qarşı mübarizə məsələləri ilə bağlı məlumatlandırılması sosial dəyişikliklərin təmin edilməsi üçün vacibdir. Ona görə, əhalinin məlumatlılığının artırılmasının kommunikasiya vasitələri tütünün istehlakı və tütün tüstüsünün təsiri ilə bağlı davranış normalarının dəyişilməsi üçün zəruridir.
Maarifləndirmə, məlumatın ötürülməsi, sağlam həyat tərzinin təbliği sosial dəyişikliklərə nail olma vasitələridir. Bütün əhali arasında sağlamlığın mümkün qədər ən yüksək səviyyəyə çatdırılması üçün sosial normalar tütün tüstüsündən müdafiə, tütündən azad həyat tərzinə yardım edən, tütün istifadəçilərinə ondan istifadəni dayandırmağa və digər insanlar, xüsusilə gənc nəsil tərəfindən istifadəyə başlamanın qarşısını almağa kömək edən mühiti təmin etməlidir.

- Tütündən imtina etmək istəyənlərə nə məsləhət görərdiniz?

- Bildiyiniz kimi, tütündən istifadə güclü asılılıq yaradır. Təcrübə göstərir ki, tütün istehlakçılarına bu vərdişdən imtina etməyə dəstək göstərilməsi üçün peşəkarlar, yəni mütəxəssislər tərəfindən hətta qısamüddətli məsləhətlər, o cümlədən “qaynar telefon xətləri” üzərindən davranışa dəstək məsləhətləri faydalı ola bilər. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranan asılılıq səbəbindən edirlər. Ona görə də, bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütünçəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb.

- Bunun üçün ölkəmizdə də tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyət göstərir. Vətəndaşlar bundan faydalana bilirmi?

- Azərbaycanda tütündən imtina etmək istəyənlərə dəstək məqsədilə 1 fevral 2021-ci il tarixdən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə “Qaynar xətt” fəaliyyətə başlayıb. Tütündən asılılığı olan və tütünçəkmədən imtina etmək istəyən şəxslər “Qaynar xətt”ə zəng edərək, peşəkar tibbi-psixoloji məsləhətlər ala bilərlər. Bu günədək ölkəmizin demək olar ki, bütün bölgələrindən on minlərlə vətəndaş bu xidmətdən faydalanıb. Tütündən imtina üzrə “Qaynar xətt”in nömrəsini bir daha xatırlatmaq istəyirəm: (+994 050) 800 70 45. Onu da vurğulayım ki, zəng edənlərin və ya bu nömrəyə votsapla müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, suallar cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi tövsiyələr verilir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, ÜST-nin ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib. Mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.


- Sonda hansı tövsiyələri vermək, nəyi vurğulamaq istərdiniz?

- İlk növbədə tütün məmulatlarından və ya elektron siqaretdən istifadə etməyənlərə və ya artıq imtina edənlərə buna başlamamağı tövsiyə edirəm. Çəkənlər üçün isə, bəzən tütündən imtina cəhdləri uğursuz ola bilər, amma mən bu cəhdləri daha inamla təkrarlamağı tövsiyə edirəm. Əsas odur ki, insanın özündə tütündən imtina etmək istəyi olsun və bu vərdişdən qurtulmaq ümidini heç bir halda itirməsin. Nəticədə, tütündən imtina edən şəxs nəinki özünü, həm də yaxın və doğmalarını da tütün tüstüsü səbəbindən yaranan təhlükələrdən xilas edir.
Siqaret çəkənlər bilməlidirlər ki, tütündən istifadəni dayandırmaq heç vaxt gec deyil!

Onlayn müraciət

Müraciət forması

Müraciətinizi yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün doldurulması vacibdir

  • Müraciət aydın yazılmalıdır
  • Müraciət edərkən etik qaydaları gözlənilməlidir
  • Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır
  • Məktub göndərmək üçün aşağıdakı formanı doldurun. - (* - vacib sahələr)

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.

Analitik Ekspertiza Mərkəzi respublikamıza daxil olan dərman vasitələrinin qeydiyyatı, dərman vasitələrinin idxalına icazənin verilməsi, aptek şəbəkəsində dərman vasitələri dövriyyəsinin və təhlükəsizliyinin tənzimlənməsi, özəl tibb və əczaçılıq fəaliyyətləri ilə məşğul olan aptek və digər tibb müəssisələrinin fəaliyyətlərinə nəzarət edilməsi funksiyasını daşıyır. Həmçinin əhali ilə əlaqə yaradaraq dərman vasitələrindən istifadə zamanı rast gəlinən arzuolunmaz təsirlər haqqıında məlumat toplyaraq vətəndaşların səhhətinə zərər yetirə biləcək səbəblərin aradan qaldırılması istiqamətində aktiv fəaliyyət göstərir.