Anar Məhərrəm oğlu Bayramov
Nazir
Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə anadan olub.
O, 1994-1997-ci illərdə 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsində tibb qardaşı vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1997-ci ildə Azərbaycan Tibb Universitetini müalicə işi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Təhsil aldığı dövrdə akademik Mirqasımov adına təqaüdə layiq görülüb. Universitetin Daxili xəstəliklər və reanimatologiya kafedrasında klinik ordinatura və aspirantura təhsili alıb. 2003-cü ildə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1998-ci ildə "MediClub" klinikasında həkim kimi başlayıb və 2003-cü ilədək burada çalışıb.
2002–2021-ci illərdə A-Group Sığorta Şirkətində baş tibbi ekspert, baş direktorun müavini, baş direktor və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. Bu dövrdə sığorta şirkətinin təşkili, könüllü tibbi sığorta sisteminin qurulması, beynəlxalq təcrübəyə əsaslanan inkişaf strategiyasının hazırlanması və tətbiqi ilə məşğul olub.
Peşəkar fəaliyyəti ilə yanaşı, 2003–2020-ci illərdə Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər və reanimatologiya kafedrasında assistent vəzifəsində çalışıb. Tələbələrə, o cümlədən ingilis bölməsində təhsil alanlara mühazirələr oxuyub və praktiki məşğələlər aparıb.
2021-ci ildə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb. 2021–2025-ci illərdə nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.
Agentliyə rəhbərlik etdiyi dövrdə əlilliyin qiymətləndirilməsi sahəsində beynəlxalq standartlara uyğun yeni meyarların tətbiqi, həqiqi hərbi xidmətə çağırışçıların yekun tibbi qiymətləndirilməsinin təşkili, reabilitasiya vasitələri və yüksək texnologiyalı protezlərin istehsalı, əlilliyi olan şəxslərin və müharibə iştirakçılarının bu vasitələrlə təmin edilməsi istiqamətlərində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilib. Nazir müavini kimi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin, DOST Agentliyinin və Əlillik siyasəti şöbəsinin fəaliyyətini kurasiya edib. Həmçinin həqiqi hərbi xidmətə Mərkəzi Çağırış Komissiyasının və TƏBİB-in Müşahidə Şurasının üzvü olub.
14 aprel 2026-cı ildə TƏBİB-in Müşahidə Şurasının qərarı ilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru təyin edilib.
TƏBİB-ə rəhbərlik etdiyi dövrdə tibbi xidmətlərin təşkilinin və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, səhiyyə xidmətlərinin rəqəmsallaşdırılması, regionlarda kadr təminatının gücləndirilməsi və tibb işçilərinin əməyinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
2006–2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012–2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun prezidenti, 2017–2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub. 2023-cü ildən Azərbaycan Respublikası Deflimpiya Komitəsinin sədri, 2025-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş Məclisinin üzvüdür.
20-dən çox məqalənin və iki səmərələşdirici təklifin müəllifidir. Maliyyə, sığorta, tibb və səhiyyədə islahatlar sahələri üzrə çoxsaylı beynəlxalq seminarlarda və təcrübə proqramlarında iştirak edib.
Rus və ingilis dillərini bilir.
Ailəlidir, iki övladı var.