K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu bir əsrə yaxındır ki, uşaqların sağlamlığının qorunması kimi mühüm və nəcib işə xidmət edir.
İnstitut 1925-ci ildə 200 çarpayılıq uşaq xəstəxanasının bazasında təşkil olunmuş, 1927-ci ildə yenidən qurularaq Ana və Uşaqları mühafizə institutuna çevrilmişdir. Hazırda İnstitut elmi-metodik mərkəz olmaqla uşaqların müalicə-profilakt praktikası ilə yanaşı, pediatriya sahəsində peşəkar tibbi kadrların hazırlanması, elmi-tədqiqatların aparılması, mövcud olan tibb təhsilinin təkmilləşdirilməsi kimi genişmiqyaslı fəaliyyət həyata keçirir.
İnstitutda 245 çarpayılıq 8 klinik şöbə, 6 elmi bölmə və bir çox paraklinik bölmələr fəaliyyət göstərir. 50 çarpayılıq yenidoğulanların reanimasiya və intensiv terapiyası şöbəsi respublika üzrə mərkəz funksiyasını yerinə yetirir.