İxtisaslaşdırılmış ambulator və stasionar narkoloji xidmət göstərən Respublika Narkoloji Mərkəzi müalicə-profilaktika müəssisəsi olmaqla yanaşı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin, habelə, ölkə ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların dövriyyəsinə nəzarəti həyata keçirən müəssisəsidir. Mərkəzdə narkotik vasitələrdən istifadə edənlər, habelə sərxoşluq edən şəxslər arasında narkomaniyanın, alkoqolizmin, toksikomaniyanın və digər asılılıq hallarının meydana çıxmasının qarşısını almaq məqsədilə müalicə və profilaktika işi aparılır. Mərkəz əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasını, o cümlədən alkoqol sərxoşluğunun ekspertizasını həyata keçirir. Azadlıqdan məhrumetmə yerlərindən alkoqolizm, narkomaniya və toksikomaniya ilə əlaqədar məcburi müalicəyə göndərilmiş şəxslərin tibbi müayinədən keçirilməsi və müalicəsini, narkotik vasitələrdən və digər psixotrop maddələrdən sui-istifadə edən şəxslərə psixoterapevtik və əxlaqi- mənəvi yardım göstərilir.