Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən 3-cü Beynəlxalq Sağlamlıq Turizmi Konfransının açılış mərasimində Azərbaycan Respublikasının səhiyyə naziri Anar Bayramov iştirak edib.
Almaniya, Avstriya, Böyük Britaniya, Türkiyə və digər ölkələrdən dövlət qurumlarının, səhiyyə müəssisələrinin, turizm sənayesinin nümayəndələrini və beynəlxalq ekspertləri bir araya gətirən konfransın əsas məqsədi Azərbaycanın tibbi turizm və sağlam yaşam turizmi potensialının beynəlxalq səviyyədə tanıdılması, təcrübə mübadiləsinin təşviqi və yeni əməkdaşlıq imkanlarının yaradılmasıdır.
Konfransda çıxış edən Anar Bayramov tibbi turizmin səhiyyə, iqtisadiyyat və beynəlxalq əməkdaşlığın kəsişməsində dayanan, geniş inkişaf potensialına malik sahə olduğunu qeyd edib. O, Azərbaycanın regional tibbi turizm mərkəzinə çevrilməsi üçün əlverişli coğrafi mövqeyinin, inkişaf edən tibbi infrastrukturunun, ixtisaslı mütəxəssislərinin və turizm imkanlarının mühüm zəmin yaratdığını bildirib.
Nazir tibbi turizmin inkişafında beynəlxalq akkreditasiya və keyfiyyət standartlarının tətbiqinin, xidmətlərin rəqabətqabiliyyətliliyinin artırılmasının və xarici pasiyentlərin ölkəmizə etimadının möhkəmləndirilməsinin əsas prioritetlər sırasında olduğunu vurğulayıb. Bu məqsədlərə nail olmaq üçün dövlət qurumları, dövlət və özəl müəssisələr, investorlar və beynəlxalq tərəfdaşlar arasında səmərəli əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Konfrans çərçivəsində tibbi turizmin inkişafının strateji prioritetləri, beynəlxalq bazarlarda Azərbaycanın mövqeyinin gücləndirilməsi, tibbi xidmətlərin keyfiyyəti, rəqəmsal həllərin tətbiqi və sektorlararası əməkdaşlıq məsələləri müzakirə olunur.
Qeyd edək ki, konfransda həmçinin beynəlxalq sərgi, biznes forumu, B2B görüşlər və sağlamlıq turizmi sahəsində çalışan mütəxəssislər üçün təlimlərin təşkili də nəzərdə tutulub.