Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin təşkilatçılığı ilə Brüsseldə “Dayanıqlı işçi qüvvəsi, daha güclü səhiyyə sistemləri” mövzusunda Regional Siyasət Dialoqu keçirilib.
“Şərq Tərəfdaşlığında Səhiyyə Dayanıqlılığı” təşəbbüsü çərçivəsində keçirilən tədbirdə səhiyyə işçi qüvvəsinin saxlanılması və inkişafı, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin rifahının və psixi sağlamlığının dəstəklənməsi, eləcə də səhiyyə sistemlərinin dayanıqlılığının gücləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyini və tabeliyindəki tibb müəssisələrini təmsil edən nümayəndə heyəti iştirak edib.
Panel müzakirəsində Səhiyyə Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Könül Səlimova Azərbaycanda səhiyyə işçi qüvvəsinin saxlanılması və inkişafı istiqamətində həyata keçirilən tədbirlər və mövcud təcrübə barədə məlumat verib.
Tədbirin sonunda səhiyyə işçi qüvvəsinin dayanıqlılığının təmin olunmasında regional əməkdaşlığın və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.